2210
16 Sep 2024 | 18:30

"Xaricdən 500 min erməni gətirilir- bunları təmin etmək  tək Ermənistanın gücündə deyil...”

“Azərbaycanda – Mingəçevirdə aparılan tikinti işi nəticəsində 600 min hektarlıq suvarılan torpaq istifadəyə verilir. Orada işləmək üçün isə işçi qüvvəsi çatışmır. Və belə gedərsə, torpaqların bir hissəsi səmərəsiz qalar...”

 

Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin 2008-ci ildə nəşr edilmiş  “Ermənilər və faciələrimiz” kitabının  sizlərə təqdim edəcəyimiz “Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiya edilməsi nə vaxt, kimlərin köməyi ilə hazırlandı, həyata keçirildi və necə oldu ki, o, yarı yolda qaldı” başlıqlı bölməsində Rusiya imperiyasının xalqımıza qarşı apardığı bu amansız prosesin ilginc detalları açıqlanır. Müəllif Ermənistanda özünün iştirakçısı və şahidi olduğu bir sıra olayları nəql edir. 

Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli  Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

(Əvvəli burada: )

“1946-сı il oktyabrın ortaları idi. İrəvanda partiya fəallarının iclası gedirdi. Burada çox kəskinliyi ilə tələb olundu ki, Stalin yoldaşdan alınmış cavablar haqqında iclas iştirakçılarına məlumat verilsin. Arutyunov məsələlərlə bağlı yuxarıda qeyd etdiyimiz cavabları oxudu.  Ermənilər çox məyuslaşıb məsələ qaldırdılar ki, biz xaricdən 450-500 min soydaşımızı gətiririk, burada onları yerləşdirib yaşatmaq üçün nə tədbirlər görürsünüz. Arurtyunov dedi ki, gətiriləcək ermənilərin yerləşdirilməsi və təminatı işinə kömək edəcəklərinə Beriya, Mikoyan və Deqenazov söz veriblər...
 
Müşavirə vaxtı, tənəffüsdə hamı bir-birindən soruşurdu ki, görəsən, nə ilə kömək edəcəklər.  Biri paltar, biri ev, başqası digər bir şeyə yozdu.  Bu zaman maarif naziri Mikaelyan, maliyyə naziri Şekoyan zarafatla mənə dedilər ki, Musayev, xata sənin başında çatlayacaq.  Mən də öz bildiyim kimi, başa düşüb dedim ki, düzdür, mənə 40 yeni erməni ailəsi göndərmişdilər, mən də onları sizin nəzərdə tutmuş olduğunuz azərbaycanlı kəndləri olan Qaraiman, Şişqaya, Nərimanlı kəndlərində yox, ermənilər yaşayan Qırxbulaq, Gödəkbulaq, Basarkeçər kəndlərində yerləşdirib onlara tam şərait yaratdım. Hansı rayonda məndən yaxşı, bundan artıq şərait yaradılıb, göstərin.  Onlar dedilər, düzdü, şərait yaratmısan, ancaq onları azərbaycanlı kəndlərində yerləşdirsə idin,  biz səni darda qoymazdıq, hər cür şəratit yaradardıq. Dedim, mənim başımda çatlayası başqa nə var; işdən götürməkdir – qoy götürsünlər. Dedilər, yox, yoldaş Musayev, sən respublikanın hörmətli katiblərindən birisən. Səni Qarabağlardan Basarkeçərə gətirdilər ki, bu rayonu da öz qaydasına salasan. Elə sözdür, deyirik, amma bil ki, sənin üstünə ağırlıq düşəcəkdir... Zarafatla deyilən bu söz xeyli mənalı idi...
1947-ci il noyabrın 27-28-i idi. MK-da büro iclası gedirdi. Bütün raykom katibləri iştirak edirdi.  Saat 4-də tənəffüs verib axşam saat 7-də iclasın davamında iştirak edəcək raykom katiblərinin adlarıını oxudular. Bu iclasa 9 rayonun katibi dəvət olunmadı. Onlar özlərindən çox şübhələndilər ki, nə məsələdir, yəni bizə etibar etmirlər? Sonra aydın oldu ki, onlar rayonlarında azərbaycanlılar yaşamayanlardır. Beləliklə, büro başlandı. Büroda Arutyunov məruzə ilə çıxış etdi. Xaricdən gətirilən ermənilərin yerləşdirilməsi məsələsindən danışan birinci katib qeyd etdi ki, “biz bu məsələ ilə çoxdan məşğul idik. Yoldaş Mikoyan, Beriya, Deqenazov söz vermişdilər ki, hərtərəfli kömək edəcəklər.  Moskvada olarkən Bağırov və mən Beriyanın yanında olduq. Mikoyan, Deqenazov da orada idilər. Söhbət xaricdən gətirilən ermənilərdən getdi.  Mikoyan dedi ki, bu məsələni həll etmək Arutyunov üçün çox çətindir.  Yoldaş Bağırov işə müdaxilə edərsə, həm Azərbaycan, həm də Ermənistan üçün çox əlverişli olar. Azərbaycanda – Mingəçevirdə aparılan tikinti işi nəticəsində 600 min hektarlıq suvarılan torpaq istifadəyə verilir. Orada işləmək üçün isə işçi qüvvəsi çatışmır. Və belə gedərsə, torpaqların bir hissəsi səmərəsiz qalar. Ermənistana isə xaricdən 500 min erməni gətirilir. Bunları ev, iş, başqa tələbatlarla təmin etmək tək Ermənistanın gücündə deyil.  Bu məsələdə iki respublika bir-birinə kömək etməlidir.  Xüsusilə Bağırov yoldaşın köməyinə böyük ehtiyac var.  Beriya da Mikoyanın fikrini müdafiə edib Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycana – yeni mənimsənilən torpaqlara köçürülməsi barədə Mikoyanın təklifini dəstəkləyib özünün də bu işə kömək edəcəyinə söz verdi.  Elə də oldu. Orada qərara gəldik ki, bu barədə ikimizin imzamızla Stalin yoldaşa məktub yazaq.  Mən İrəvana zəng vurub Ermənistanda yaşayan azərbaycanlıların sayını öyrəndim.  Məktubu yazdıq.  Məktubda Stalin belə bir dərkənar qoymuşdur: “Razreşit v dobrovolnıx naçalax iz Armeniyi pereselit 100-150 tısyaç azerbaydjantsev v Azerbaydjan Kyur- Arakskiy step. İ.V. Stalin”(“Ermənistandan könüllülük əsasında 100-150 min azərbaycanlının Azərbaycana Kür-Araz çölünə köçürülməsinə icazə verilsin”)...”
   
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər