Prezident İlham Əliyev İtaliyaya səfəri əsnasında Beynəlxalq Çernobbio Forumundakı çıxışında Ukrayna-Rusiya münaqişəsi ilə bağlı maraqlı təkliflə çıxış edib. Azərbaycanın həm Ukrayna, həm də Rusiya ilə tarixi münasibətlərə malik olduğunu bildirən dövlət başçısı, ölkəmizin məlum münaqişənin həllində iştirak etməyə hazır olduğunu vurğulayıb:
“Əgər hipotetik imkandan danışırıqsa, bu, tamamilə mümkündür. Əvvəla nəzərə alsaq ki, Rusiya və Ukrayna ilə birlikdə 70 il SSRİ-nin tərkibində olmuşuq, biz şəxsi əlaqələr səviyyəsində və siyasi müstəvidə çoxşaxəli əlaqələr saxlayırıq. Bu gün biz Rusiya və Ukrayna ilə münasibətlərimizi çox yaxşı hesab edirik. Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Amma, eyni zamanda, biz anti-Rusiya sanksiya kampaniyasının bir hissəsi olmamışıq və olmayacağıq.
Biz heç vaxt bu proseslə bağlı təşəbbüs irəli sürməmişik. Bilirəm ki, bu işdə iştirak etmək istəyənlər çoxdur. Amma iştirakımız tələb olunarsa, biz hazırıq”.
Dünyanın bir çox aparıcı dövlətinin Ukrayna-Rusiya müharibəsinin davam etməsində maraqlı olduğu, münaqişənin daha da dərinləşməsi və uzanması üçün bütün imkanlardan istifadə etdiyi bir zamanda, Azərbaycanın sülhpərvər təkliflə çıxış etməsi, dövlətimizin, onun liderinin humanizmindən xəbər verir. Qarabağ fatehinin iki nəhəng dövlətin münaqişəsində öz vasitəçiliyini təklif etməsi, həm Ukrayna, həm də Rusiyaya münasibətdə aydın və ədalətli mövqe sərgiləməsi, dövlətimizin milli maraqlarla yanaşı, bəşəri maraqlara, insani dəyərlərə olan hörmət və ehtiramının göstəricisidir.
Ümumiyyətlə, xatırladaq ki, Azərbaycan hər zaman beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində aktiv iştirak edib, planetin hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, bütün problem və münaqişələrə ədalətli mövqe sərgiləyib. Pandemiya dönəmində vaksin inhisarçılığına etiraz edən İlham Əliyev, bu gün Fransanın Sakit okean adalarındakı xalqlara yaşatdığı imperializm zülmünə açıq etiraz etməkdə, bu ədalətsizliyi lənətləməkdədir. Bu ilin noyabrında ölkəmizdə baş tutacaq COP29 tədbirində də ölkələri qarşılıqlı ittihamlardan uzaq durmağa çağıran İlham Əliyev, planetimizin gələcəyi üçün mühakimə deyil, əməkdaşlıq formatına ehtiyac olduğunu vurğulayıb. Bütün bunların davamı olaraq dövlət başçısının İtaliyada Rusiya-Ukrayna münaqişəsinin həllində iştirak etməyə hazır olduğunu bəyan etməsi, İlham Əliyevin siyasi müdrikliyinin, bəşəri dəyərlərə olan ehtiramının göstəricisidir. Bütün bu gerçəkliklər sübut edir ki, bu gün Azərbaycan faktiki olaraq bütün dünyaa sülh ixrac etməkdə, ədalət və işıq saçmaqdadır. İlham Əliyevin İtaliyada səsləndirdiyi titanik təklif bunu deməyə əsas verir ki, ölkəmiz bundan sonra da beynəlxalq sülh və ədalət məsələsində mayak rolunu oynayacaq, hər zaman əmin-amanlığın və həqiqətin keşiyində dayanacaq.
Seymur ƏLİYEV