Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması, torpaqlarımızın xarici işğalçılardan müdafiəsi, işğal altında olan ərazilərimizin erməni silahlı birləşmələrindən azad edilməsi uğrunda aparılan döyüşlərdə sücaət göstərən şəxslər dövlət tərəfindən ən yüksək adla təltif edilib. Həmin şəxslərin bir qrupu “Azərbaycanın Milli Qəhrəmanı”, digər qrupu isə “Vətən Müharibəsi Qəhrəmanı” adı kimi yüksək titullara layiq görülüblər. 25 mart 1992-ci ildə təsis edilən “Azərbaycanın Milli Qəhrəmanı” adına ilk təltif elə həmin il iyunun 6-da aparılıb və ilk təltif olunan şəxs Məhərrəm Seyidov olub.
2020-ci ilin 27 sentyabrınadək torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə xüsusi igidlik göstərən 218 nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə I Qarabağ müharibəsində xüsusi igidlik göstərən Natiq Qasımova da ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bununla da “Azərbaycanın Milli Qəhrəmanı” adı alan şəxslərin sayı 219 nəfər olub. Bu fəxri adı alanlardan 15 nəfəri bu gün də sağ-salamatdır.
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilən hər bir şəxs üçün ayda 1800 manat məbləğində Prezident təqaüdü təsis edilib.
Dövlət baçısının Fərmanına əsasən, “Azərbaycanın Milli Qəhrəmanı” adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Prezident təqaüdü həmin şəxslərin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə görə isə 83 nəfərə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən hərbçilərimizin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə salamatdır. Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 2-si general-leytenant, 3-ü general-mayor, 10-u polkovnik, 1-i 1-ci dərəcəli kapitan, 13-ü polkovnik-leytenant, 18-i mayor, 13-ü kapitan, 6-sı baş leytenant, 6-sı baş gizir, 2-si gizir, 5-i kiçik gizir, 1-i kiçik miçman, 3-ü isə əsgərdir.
Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 36 nəfəri Xüsusi Təyinatlı Qüvvələrin, 21 nəfəri Quru Qoşunlarının, 12 nəfəri Sərhəd Qoşunlarının, 7 nəfəri Hərbi Hava Qüvvələrinin, 4 nəfəri Daxili Qoşunların, 2 nəfəri isə Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusudur.
“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən hər bir şəxsə ayda 2000 manat Prezident təqaüdü təsis edilib. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər üçün təsis edilən Prezidentinin təqaüdü onların ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.
“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsinin də əsas məqsədi Vətən Müharibəsi Qəhrəmanları ilə bağlı məlumatı Şərqi Zəngəzur məktəbliləri ilə görüşlərdə və sosial mediada təbliğ etməklə torpaqlarımızı işğaldan azad edən qəhrəmanları gənc nəslə tanıtmaqdır. Beləliklə, qarşıdakı iki ay müddətində 44 günlük Vətən Müharibəsi zamanı şəhid olan, igidlik və mərdlik nümayiş etdirib “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən 34 nəfər, 2020-ci ilin iyulunda göstərdikləri sücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adı alan 2 nəfər barədə məlumat toplanacaq. “Vətən Müharibəsi Qəhrəmanı” adı alan şəhidlər, onların keçdiyi döyüş yolu ilə bağlı hazırlanan qısa məlumat fotoları ilə bərabər hər gün bir nəfərlə (36 nəfər) bağlı olmaqla Moderator.az saytı, moderator.az “facebook” səhifəsi və təşkilatın “facebook” səhifəsi vasitəsi ilə yayılacaq.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.