Britaniya diplomatları Rusiyadan QOVULDU
Ekskluziv
1847
13 Sep 2024 | 17:30

Britaniya diplomatları Rusiyadan QOVULDU

 
"Diplomatların "pozucu fəaliyyəti" Rusiyanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlərdən ibarət olub..."
 
Böyük Britaniyanın Moskvadakı səfirliyinin altı əməkdaşının akkreditasiyası ləğv edilib. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) onların fəaliyyətində "kəşfiyyat-pozucu işin əlamətlərini" aşkar edib və onları "Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid" kimi qiymətləndirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
 
"Sənədlər onu sübut edir ki, Böyük Britaniyada Rusiya istiqamətində (həm də əvvəllər SSRİ-nin tərkibində olan ölkələr) pozucu siyasətin aparılmasını əlaqələndirən əsas bölmə Böyük Britaniya XİN-in Ukraynada xüsusi hərbi əməliyyat başlanandan sonra xüsusi xidmət orqanına çevrilən Şərqi Avropa və Mərkəzi Asiya Direktorluğudur. Onun əsas vəzifəsi ölkəmizi strateji məğlubiyyətə uğratmaqdır", - FTX-nın məlumatında deyilir.
 
Sonradan Rusiya KİV-ləri FTX-nın ölkədən qovulmasını tələb etdiyi britaniyalı diplomatların adlarını açıqlayıb. Bunlar Cessika Deyvenport, Qrey Elvin, Endrü Daft Kallum, Ketrin Makdonnal, Tomas Con Hikson və Bleyk Patteldir.
 
Rusiya xüsusi xidmət orqanı əməkdaşının sözlərinə görə, adları çəkilən şəxslərin "pozucu fəaliyyəti" Rusiyanın vətəndaş cəmiyyəti nümayəndələri ilə, o cümlədən "Novaya Qazeta"nın jurnalistləri, "Vətəndaş yardımı" hərəkatının hüquq müdafiəçiləri və "Memorial" beynəlxalq təşkilat ilə görüşlərdən ibarət olub.
 
Britaniya diplomatlarının ölkədən qovulması barədə məlumatlar ABŞ, Böyük Britaniya və onların müttəfiqlərinin Ukraynaya Qərb silahı ilə Rusiya ərazisinin dərinliklərindəki hədəflərə zərbələr endirilməsinə icazə verilməsinin mümkünlüyü barədə müzakirələrin fonunda verilib. Bu mövzu bu gün Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə Böyük Britaniya baş naziri Kir Starmer ilə görüşdə müzakirə ediləcək.
 
Sentyabrın 11-də ABŞ Dövlət katibi Entoni Blinken və Böyük Britaniya XİN rəhbəri Devid Lemminin Kiyevə birgə səfəri zamanı London özünün "Storm Shadow" raketlərindən istifadəyə məhdudiyyətləri ləğv edib. Bu barədə rəsmi məlumat verilməsə də, Britaniyanın "The Guardian" qəzeti məlumat dərc edib.
 
Ertəsi gün, sentyabrın 12-də Rusiya hakimi Vladimir Putin bəyan edib  ki, Qərb silahı ilə Rusiyanın obyektlərinə zərbələr endirilməsi NATO-nun müharibəyə qatılması demək olacaq. 
 
Onun sözlərinə görə, USQ müstəqil olaraq belə zərbələri endirə bilməz, bunun üçün NATO peyklərinin məlumatlarından istifadə etmək tələb olunur. O, həmçinin qeyd edib ki, yalnız Alyansın hərbi qulluqçuları "uçuş tapşırıqlarını bu raket sistemlərinə daxil edə bilər".
 
"Ona görə də söhbət bu silahdan Rusiyaya zərbələr endirilməsi və ya  endirilməməsindən getmir. Söhbət NATO ölkələrinin hərbi münaqişədə iştirak edib-etməyəcəyi barədə qərar qəbul edilməsindən gedir. Əgər belə qərar verilərsə, bu, NATO ölkələrinin-ABŞ və Avropa ölkələrinin Ukrayna müharibəsində birbaşa iştirakı demək olacaq", - Putin deyib.
 
Böyük Britaniya baş naziri Kir Starmer bunu belə şərh edib: "Rusiya bu münaqişəni başlayıb. Rusiya qanunsuz olaraq Ukraynaya soxulub. Rusiya elə indi münaqişəyə son qoya bilər", - o, deyib.
 
O, vurğulayıb ki, Ukraynanın özünümüdafiə hüququ var və Böyük Britaniya bu hüquqa dəstək verir. Bu zaman Starmer qeyd edib ki, "London Rusiya ilə münaqişəyə can atmır".
Link kopyalandı!
Son xəbərlər