"Hansı güzəştlərdən dəm vurursunuz? Torpaqlarımızı verək, insanlarımızın qətlə yetirilməsini unudaq? Bu, Ukraynaya qarşı hörmətsizlikdir..."
"İki ölkə sülh təklifləri ilə çıxış edir, bu zaman bunu Ukrayna ilə müzakirə də etmir..."
Çin ilə Braziliyanın "sülh təşəbbüsü" destruktivdir, çünki Kremlin əlinə oynayır və üstəlik də Ukrayna ilə müzakirə edilməyib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Braziliyanın "Metropoles" nəşrinə müsahibəsində bəyan edib. Məlumatı "moscowtimes.ru" nəşri yayıb.
Onun sözlərinə görə, Braziliya və Çin aydın olmayan barışığa çağırış edir. "Nədə barışaq? Sadəcə, əyləşib danışmaq nə deməkdir? Putin qatildir, o, ölkəmizə soxulub, insanları qətlə yetirib, indi isə Lula (Braziliya prezidenti-red.) deyir ki, qoy danışsınlar. Lula bizə dəstək versəydi, müharibənin dayandırılmasına kömək edərdi.
Biz Rusiya ilə müharibədəyik. Siz bu müharibəyə ya dəstək verirsiniz, ya da dəstək vermirsiniz. Əgər dəstək vermirsinizsə, o zaman müharibənin dayandırılmasına kömək edin. Hansı güzəştdən dəm vurursunuz? Torpaqlarımızı verək, insanlarımızın qətlə yetirilməsini unudaq? Burada güzəşt nədən ibarətdir? Bunlar qəbuledilməzdir. Ona görə də hesab edirəm ki, bu, destruktiv təşəbbüsdür", - Zelenski qəzəbini ifadə edib.
Prezident vurğulayıb ki, Ukrayna Çinə "birlikdə əyləşib danışmağı" təklif edib. "Biz sizin, siz də bizim düşmənimiz deyilsiniz. O zaman nədən Rusiyanın tərəfində və ya haradasa ortada dayanmaq qərarı vermisiniz? Bu necə yanaşmadır? Biz öz torpağımızda döyüşürük. Siz rusiyalıları dayandırmalısınız, güclü ölkələr olduğunuzu göstərməlisiniz.
Bizdən soruşmadan nəyisə necə təklif etmək olar? Rusiya da sizə qoşulub deyir ki, Çinlə Braziliyanın təşəbbüsünü dəstəkləyir. Bu teatr nəyə lazımdır? Yəni siz Rusiya ilə danışıb hansısa təşəbbüsü irəli sürürsünüz və deyirsiniz ki, "gəlin bu təşəbbüslə çıxış edək", - Zelenski deyib.
Onun sözlərinə görə, Çin və Braziliyanın sərgilədiyi yanaşma ədalət və dəyərlər haqqında anlayışlara ziddir, həmçinin Ukraynaya və onun ərazi bütövlüyünə hörmətsizliyin təzahürüdür.
Çin-Braziliya "sülh planı"
Bu ilin yazında Braziliya və Çin Ukraynada müharibınin nizamlanmasına dair altı həlledici bənddən ibarət öz planını təklif edib. O cümlədən bu iki ölkə döyüş əməliyyatlarının dayandırılması və danışıqlar prosesinə başlamağı təklif edir.
Onlar humanitar yardımın artırılması, mülki əhalinin müdafiəsi və hərbi əsirlərin mübadiləsini qeyd edir. Lakin işğalçı qüvvələrin Ukraynadan çıxarılması, hərbi cinayətkarların cəzalandırılması və təcavüzkar tərəfindən törədilən dağıntılara görə Ukraynaya kompensasiya ödənilməsi barədə heç nə deyilmir.
Bu zaman Çin iyun ayında İsveçrədə Ukraynanın təşəbbüsü ilə keçirilən ikinci Sülh Sammitində iştirak etməkdən imtina edib. Zelenskinin sözlərinə görə, Çin həm də bu sammitdə daha az ölkənin iştirak etməsi üçün səylər göstərib.
Öz növbəsində Braziliya Sülh Sammitində ən aşağı səviyyədə, Braziliyanın İsceçrədəki səfiri səviyyəsində təmsil olunub. Bu zaman digər dövlətlər prezidentlər, baş nazirlər və ya heç olmasa xarici işlər nazirləri səviyyəsində təmsil olunub.