Paşinyandan dolayı etiraf: Ermənistana silah vermək beynəlxalq terrorizmə dəstəkdir
2003
12 Sep 2024 | 18:24

Paşinyandan dolayı etiraf: Ermənistana silah vermək beynəlxalq terrorizmə dəstəkdir

İrəvan bu silahlara tam nəzarət etməyə qadir deyil

 

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında 44 günlük müharibədən sonra çoxlu sayda silah-sursatın müəmmalı şəkildə yoxa çıxdığını bildirb. Baş nazir qeyd edib ki, hazırda Ermənistan DİN-i və Baş Prokurorluğu həmin silahların tapılması istiqamətində iş aparır.

 

Paşinyanın məlum açıqlaması Ermənistan ordusundakı özbaşınalıq və cinayətlərin miqyasını ortaya qoymaqla yanaşı, həm də bundan daha dəhşətli bir həqiqətə aydınlıq gətirib. Baş nazir məlum açıqlaması ilə dolayı şəkildə etiraf edib ki, Ermənistan sahib olduğu silahlara tam nəzarət imkanından məhrumdur. Bu isə o deməkdir ki, Ermənistana silah vermək beynəlxalq terrorizmə dəstəkdən başqa bir şey deyil. Çünki 44 günlük müharibədən dərhal sonra olduğu kimi, bu gün də Ermənistanda silah-sursatın geridə heç bir iz qoymadan “buxarlanması”, “ərşə çəkilməsi” ehtimalı böyükdür.

 

Bu səbəbdən də başda Fransa olmaqla, Ermənistanı silahlandıran dövlətlər öz siyasətlərinə yenidən baxmalı, bu prosesi dayandırmalıdırlar. Unutmamalıdırlar ki, bu gün öz əlləri ilə Ermənistana verdikləri silahların sabah onların özlərinə qarşı yönəlməsi ehtimalı var və bu ehtimal kifayət qədər realdır. Belə olan halda Ermənistanı silahlandırmaqda davam etmək özünəqəsddən başqa bir şey deyil.

 

Digər baxımdan, arsenalındakı silah-sursata nəzarət edə bilməyən dövləti silahlandırmaq, dinc bəşəriyyətin təhlükəsizliyinə lüzumsuz yerə risk yaratmaq deməkdir. Bunun isə yalnız bir adı var:  İnsanlığa qarşı bağışlanmaz cinayət!

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər