“İnkişaf etmiş bir çox ölkədə, yəni 80 %, 70% ölkələrdə alt limit 100 meqabitdədir. Gürcüstan, Türkiyə kimi qonşu ölkələrə, Avropa ölkələrinə, ABŞ-a və digər inkişaf etmiş başqa ölkələrə də baxsaq görəcəyik ki, alt limitlər 100 meqabitdən başlayır. Alt limitlərdə birdən-birə bu formada dəyişikliklər olanda təbii ki,müəyyən problemlər ortaya çıxır. Ümumiyyətlə, internet qiymətlərinin qalxması mövzu deyil. Mövzu alt paketlərin - 40 meqabitlərin ləğv olunub yerinə 100 meqabitlərin təyin olunmasıdır”.
Bu sözləri Moderator.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib. Qeyd edib ki, 18 manata 40 meqabit alanda meqabit başına qiymət 40 neçə qəpiyə düşürdü. 25 manata 100 meqabit alanda, meqabit başına 25 qəpik düşür:
“Bəs sürət 100 meqabit olduqdan sonra niyə internet sürəti ilə bağlı problem yaşayırlar? Bu problemləri bir çox istiqamətdə biz düşünə bilərik. 1-ci istiqamət odur ki, şikayətçi olan əksər qismin bir çoxu köhnə modemlərdən istifadə edir. 6-7 il əvvəl aldıqları modemləri istifadə edirlər və o modemlər də öz dövrünü tamamlamış və ya 100 meqabiti dəstəkləməyən modemlər ola bilər. Yaxud modemlər 100 meqabiti və daha çox meqabiti dəstəkləsə də, düzgün tənzimləmələrin olmaması ola bilər. Və təbii ki bəzi provayderlər də düzgün xidmət göstərməyə bilərlər. Bəzi yerlərdə də provayderlər həqiqətən də öz problemləri yəni paylayıcı qurğularının tam olaraq standartlara cavab verməməsi və bunun kimi bir çox problem ola bilər. Yəni bütün problemlər əslində bölgü halında nəticədə internet probleminə gətirib çıxarır”.
E.Abbasov deyir ki, vətəndaş internetdə problem olduğunu, provayderlər isə tam olaraq lazımı paket göstəricilərinə uyğunlaşmışıq və eyni limitlər təyin etdiklərini bildirirlər. Ekspert tövsiyə edir: “İlk olaraq tövsiyə edərəm ki, vətəndaşlar çöldən gələn interneti modemdən çıxarıb notbuk və ya kompüterdə speed testlə ölçsünlər. Həqiqətən də birbaşa gələn internetin 100 meqabit olub-olmadığını təyin etsinlər və daha sonra problemi aşkarlaya bilərlər”.
Ekspert deyir ki, vətəndaşların bir çox şikayətləri texniki müstəvidə anlaşılan deyil: “Məsələn, mən çox müşahidə etmişəm, sosial şəbəkələrdə və televiziyada, vətəndaş sorğularında qeyd olunur ki,”biz 18 manat ödəyəndə həyətdə internet tuturdu, amma indi 25 manat ödəyirik həyətdə tutmur. Ümumiyyətlə, bu, texniki olaraq anlaşılmır. Modemdən çöldən gələn internet kabeli çıxarsaq da, modemi işə saldıqda, yəni internetsiz olaraq modemi işə saldıqda modemi əhatə etdiyi vayfay dalğaları eyni qalacaq yəni onun internetlə bir əlaqəsi yoxdur. Dalğalar harada zəifdirsə, orada internet zəif tutacaq, harada güclüdürsə, orada internet güclü tutacaq. Və bunun üçün bir çox səbəblər ola bilər. Misal üçün internet kabellərinin, gərgin elektrik kabelləri ilə eyni sıxlıqda getməsi, yan-yana getməsi və ya müxtəlif texniki problemlər”.
E.Abbasov qeyd etdi ki, hər bir halda vətəndaş şikayəti nəzərə alınmalıdır, vətəndaş bu məsələyə texniki müstəvidə baxış keçirməlidir: “Bundan sonra məsələ öz həllini tapa bilir. Biləcəklər ki, provayderlərindən dəstək alsınlar, yəni şikayət etsinlər provayderləri texniki əməkdaş göndərsin və ya ki müstəqil bir texniki əməkdaşdan dəstək alaraq öz evlərindəki internet infrastrukturunu düzgün tənzimləyə bilərlər”.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “informasiya və komunikasiya texnologiylarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.
Xəyalə Rəis