Qərbdən silah idxalını təmin edən Ermənistan, Asiyada da silah axtarışına çıxıb. Ermənistanın müdafiə naziri Suren Papikyanın Çinə səfəri, eləcə də qarşıdakı günlərdə Cənubi Koreyaya edəcəyi səfər bu niyyətin bariz göstəricisidir. Bir məqamı da qeyd edək ki, Çin, Yaponiya, Cənubi Koreya kimi inkişaf etmiş dövlətlər bütün dünyada “Asiya əjdahaları” kimi tanınır və bu ölkələr nəhəng hərbi sənayeyə malikdirlər.
Əlbəttə, əgər ortada Ermənistanın təhlükəsizliyi baxımından hər hansı təhdid olsaydı, o zaman İrəvanın bu axtarışlarına normal yanaşmaq olardı. Lakin bu gün - regionda sabitliyin mövcud olduğu, Azərbaycanın etibarlı sülh üçün ciddi siyasi-diplomatik fədakarllq sərgilədiyi bir zamanda, İrəvanın silahlanmaq təşəbbüsü təəssüf doğurur. Bu fakt bir daha onu göstərir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır. Bu müharibənin isə Ermənistan üçün özünüqəsddən başqa bir şey olmayacağı şübhəsizdir. Sadəcə, Ermənistanın törədəcəyi hər hansı genişmiqyaslı təxribat Qərbdəki bəzi güclərə Cənubi Qafqazda aktivləşmək, öz maraqlarını hərbi əməliyyatlar fonunda təmin etmək fürsəti verəcək ki, bu da bütün region dövlətlərinin marağına ziddir.
Seymur ƏLİYEV