Bu günlərdə cənab Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı 30 ildən çoxdur fəliyyətini dayandırmış, erməni vandalları tərəfindən tarimar edilmiş İstisu Mineral su zavodunun yenidənqurmadan sonra açılışı oldu. Bu xəbər bütün ölkədə böyük sevinc hissi ilə qarşılandı. Hər bir azərbaycanlı üçün əvəzsiz nemət sayılan İstisu almaqdan ötrü insanlarımız mağazaları gəzərək bir an öncə həmin sulardan alıb evlərinə aparmağa çalışdı. Şükürlər olsun ki. bu günləri də gördük.
Hər gün media və sosial şəbəkələrdə keçmiş məcburi köçkünlərin öz yurd-yuvasına qayıdışı xəbərləri yayımlanır. İnsanlar sevinc içində köç etdiklərini çəkib sosial şəbəkələrdə paylaşırlar. Təbii ki, bu qayıdışı təmin edən dövlətimiz və onun başında duran cənab Ali Baş Komandandır. Şəhidlərimizin canı qanı bahasına düşməndən təmizlənən torpaqlar yavaş-yavaş öz sahiblərinə qucaq açır.
Ancaq hələ öz yurduna qayıtmağı səbirsizliklə gözləyən minlərlə, on minlərlə soydaşımız var. Onlar da əmindirlər ki, bir gün növbə onlara da çatacaq və onlar da öz yurdlarına köç edəcəklər. O vaxta kimi isə boş dayanmaq olmaz ...
Kəlbəcər rayonu Başlıbel kənd sakinləri də boş dayanmaq istəmir. Onlar da tez-tez müqəddəs saydıqları kəndə ziyarətə gedir, dağılmış qəbirləri bərpa etməyə, təsərrüfatla məşğul olmağa, kənddə həyatı canlandırmağa çalışırlar.
"Artıq üç ildir ki, Kəlbəcər rayonu Başlıbel kənd sakinlərinin müəyyən hissəsi öz təsərrüfatılarını yay aylarında doğma kəndlərinə aparırlar. Onların kənddə olması kənd əhalisi üçün, xüsusən də kəndə səfər edən şəxslər üçün də bir ümid yeridir."- deyə kənd sakini Qoşqar Babayev Moderator.az -a bildirib.
Xüsusilə, qeyd etmək lazımdır ki, həmin təsərrüfat sahibləri təkcə öz təsərrüfatlarını inkişaf etdirmirlər. Kənddə olduqları zamanlarda kəndin bulaqlarını qismən olsa da təmir edirlər. İndiyə kimi bir neçə bulaq kənd sakinləri tərəfindən təmir olunaraq əvvəlki səviyyəyə gətirilib. Eyni zamanda hər birimizin həssas nöqtəsi olan, kənddə uyuyan, erməni vandalizminə məruz qalan yüzlərlə məzarlarımız var ki, onların ilkin vəziyyətdə təmir edilməsində və nişanəsi torpağın altında qalmış onlarla qəbirlərin aşkar olunmasında çox böyük zəhmətləri var.
"Mən öz adımdan, kənd sakinləri adından o insanların hər birinə minnətdarlığımı bildirirəm. Fərq qoymadan qəbiristanlıqda nə qədər qəbir varsa, hər birinə öz bacardıqları və əllərində olan imkanları çərçivəsində abadlaşdırıblar. Allah elimizi, obamızı, millətimizi və dövlətimizi qorusun. Kəndə təsərrüfatını aparan və orda olduğu zamanlarda mənəvi dəyərlərimizi yaşadan hər bir şəxsə öz minnətdarlığımı bildirirəm. Hər zaman elindən, obasından əskik olmasınlar!. Şəxsi ad çəkməkdə ehtiyat etdim ki, kimlərinsə adını çəkmərəm, bu mənim üçün hörmətsizlik olar, eyni zamanda həmin şəxslərin haqqına girmiş olaram. Çəkilişlərdə bəzi şəxsləri görəcəksiniz. Zəhmət çəkib kadrlarda görsənməyən şəxslərə də xüsusi təşəkkürümü bildirirəm!" -deyə kənd sakini bildirib.
Başlıbel sakini Qoşqar Babayev həmkəndlilərinə çağırış etməyi də unutmayıb:
"Gəlin, kənd sakinləri olaraq, kəndin inkişafı üçün çalışan şəxsləri unutmayaq və unutdurmayaq. Firavan, abad, bütöv Başlıbel diləyi ilə Allaha əmanət olun əziz həmvətənlərim."
Qeyd etmək lazımdır ki, Başlıbel kəndi Birinci Qarabağ müharibəsində erməni quldurları tərəfindən qətliam törədilən kəndlərdən biridir. 113 gün mühasirədə qalan kənd sakinlərindən Başlıbel faciəsi zamanı 18 nəfər qətlə yetirilib, 14 nəfər isə əsir götürülmüşdür, sağ qalanlar isə dağlara qaçaraq kahalarda yaşam uğrunda ölüm-dirim mübarizəsi vermişdir. Mühasirə vaxtı qətlə yetirilən insanların əksəriyyətini dəfn etmək mümkün olduğundan onların məzarları işğaldan sonra aşkar edilmiş, ekspertizası aparılmış və şəxsiyyətləri təsdiq olunduqdan sonra yenidən elə həmin yerdə torpağa tapırılmışdır. Kəndən xeyli aralıda dəfn olunan şəhidlərin məzarlığını kəndə gələn hər kəs ziyarət etməyi özünə borc bilir.
Bəli, bu gün illərlə həsrətində olduğumuz torpaqlara qayıdırıq. Bu günlərin qiymətini bilməli, birlik olmalıyıq. Çünki bədnam qonşularımız dinc dayanmır, hər fürsətdə təxribata əl atır. Ancaq unudurlar ki, "Dəmir yumruq" yerindədir...
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, ordumuzu qorusun!
Kənd sakinləri tərəfindən Moderator.az -a göndərilən foto və videoları təqdim edirik: