“Yaşayış şəraitimin yaxşılaşdırılması ilə bağlı müraciət etmişəm...” - Əməkdar artist-müsahibə+özəl
1704
08 Sep 2024 | 13:16

“Yaşayış şəraitimin yaxşılaşdırılması ilə bağlı müraciət etmişəm...” - Əməkdar artist-müsahibə+özəl

Əməkdar artist, tanınmış aparıcı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aparıcı aktyoru Elnur Kərimov Moderator.az-ın suallarını cavablandırıb.
 
-Elnur bəy, sizi nadir hallarda seriallarda görürük. Bu nə ilə əlaqədardır?
 
-Mən 2011-ci ildən Azərbaycanda ilk seriallardan olan “Qaynana”-ya çəkilmişəm. Bu Azərbaycan və Türkiyənin birgə layihəsi idi, “Xəzər” televiziyasında yayımlanırdı. Onun ardınca bir çox yaddaqalan yeni serial layihələrində fəaliyyət göstərdim. Hazırda serial təkliflərini dəyərləndirməyi düşünmürəm. Bu sahədə fəaliyyət göstərən bütün yaradıcı dostlarıma uğurlar arzulayıram. Səbəb ondan ibarətdir ki, hazırda Milli Gənc Tamaşaçılar Teatrında və eyni zamanda AZTV-də fəaliyyət göstərirəm. Vaxtım azdır.
-Sizcə gənc aktyorların nə kimi problemləri var? Nə hələ də öz həllini tapmayıb?
 
-Gənclərə hər zaman dəstək olmaq lazımdır. Gənclər də öz potensiallarını üzə çıxartmaq üçün həm işləməli, həm də yaradıcı bacarıqlarını formalaşdırmalıdırlar. Bu illər ərzində gənc aktyorların özlərini göstərmək üçün kifayət qədər meydan yaradılıb. Onlar da çalışmalıdırlar ki, seçimlərində diqqətli olsunlar.
-İlər öncə Teatr Xadimləri İttifaqına üzvlükdən imtina etmişdiniz. Bu gün necə? Ümumiyyətlə mədəniyyət sahəsində nə kimi yeniliklərin tərəfdarısız?
 
-Teatr Xadimləri İttifaqı ilə yaranmış olan fikir ayrılığı Azərpaşa Nemətovun sağlığında öz həllini tapmışdı. Düzdür, kənar müdaxilələr məsələni başqa səmtə aparırdı. Buna görə də dərhal məsələni birbaşa özümüz həll etdik. Bir çoxları yaradıcı fikir ayrılığını başqa cür anlamaq istəsələr də bu alınmadı. İttifaqın fəaliyyətini yaxından izləyirəm və Hacı İsmayılovun sədr seçilməsinə həm gənclərin, həm də öz adımdan çox sevinirəm. Artıq gənclər daha da diqqət mərkəzindədirlər. Ən əsası da odur ki, gənclər artıq Teatr Xadimləri İttifaqı tərəfindən qiymətləndirilib, mükafatlandırılırlar. O ki, qaldı mədəniyyət sahəsindəki yeniliklərə.. Bunu deyə bilərəm ki, bəzən biz daha çox yeniliyə köklənib, özümüzü unuduruq. Özümüzü unutmadan yeniliklərlə daha çox uğur əldə edə bilərik.
-Bir aktyor kimi həm açıqsözlüsüz, həm də bəzi problemləri dilə gətirməkdən çəkinmirsiniz. Bir müddət əvvəl ev probleminiz var idi. Həllini tapdı?
 
-Bu məsələlər illərlə öz nəticəsini verir. Əməkdar artist və Prezident mükafatçısı olaraq yaradıcılığıma davam edirəm. Yaşayış şəraitimin yaxşılaşdırılması ilə bağlı müraciət etmişəm. Müsbət nəticə verəcəyinə inanıram. Amma tələsmək lazım deyil. Hər şeyin öz vaxtı, zamanı var. Zamanı çatanda bu məsələlər də öz həllini tapacaq.
-Yaradıcı insanın problemləri olanda o sənətlə məşğul ola bilir?
 
-Nəyisə düşünüb sənətlə məşğul olmaq yaxşı fikir deyil. Mənim öz sənətimlə necə məşğul olmağım daha vacibdir. Qarşıma qoyduğum məqsədə doğru gedirəm. Azərbaycan teatrının və mədəniyyətinin inkişafına daha da böyük təkan verəcəyimə inanıram.
 
-Bir çox sənətçilər sırf qarşılarına qoyduqları məqsədlərə görə sənətlə məşğul olur..
 
-Sənətə həvəs, sənətin özüdür. Nəyəsə görə sənətə gəlirsənsə bir müddət sonra istəklərini əldə edirsən və həvəsdən düşürsən. Sonra başqa sahələrdə özünü axtarmağa başlayırsan. Mən bunların şahidi olmuşam.  Hansı sahədə çalışıramsa çalışım hamısının əvvəli, ortası və sonu teatrdır. Mən Elnur Kərimov olaraq özümü teatrda və kinoda tapdım və məni tapdılar. Digər sahələrdə də öz istəyimlə və məsuliyyətlə işləyirəm. Mözvu gəlib teatr və kinoya çatanda hər şey dayanmalı və donmalıdır. Əsas odur özünü tap, özünü kəşf et, özünlə, uğurlarınla fəxr et. Qarşına məqsəd qoy və məqsədinə gedən yolda hədəflərinə çat. Amma heç bir zaman yorulma. Ən əsası özün ol, dürüst ol, etdiklərini hər gün göz önündən keçir. Əgər rahatlıq tapırsansa, vicdanla işinin öhdəsindən gəldiyinə əminsənsə onda sakit ol. Bu zaman uğur özü gəlib səni tapacaq.
-Sənətə görə nəyi qurban verərsiniz?
 
-Seçdiyim sənətlə bağlı qurban vermək məsələsi çox həssas məqamdır. Əslində mənim sevib-seçdiyim və həyatımı bağladığım teatr və kino sahəsi canlı olduğundan, mən də canımda can olana qədər bu sahədə olacağımı anlamışam. Bütün həyatımı deyə bilmərəm, çünki ailə və övladlarıma da vaxt ayırmalıyam. Paralel olaraq hər ikisi ilə sevgi içində yaşamaq istəyirəm. Şükür ki, alınır.
Link kopyalandı!
Son xəbərlər