“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
Ekskluziv
5254
07 Sep 2024 | 12:21

“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL

Artıq bir müddətdir ki, ölkədə genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.
 
Moderator.az xəbər verir ki, GPON (Gigabit Passive Optical Network-Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
 
Yeni tariflər ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. Belə ki, sosial şəbəkələrdə bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alıb. Moderator.az-a daxil olan şikayətlərin əksəriyəti də bu və internetin sürətinin artmaması ilə bağlıdır. Şikayətçilər iddia edirlər ki, internetlə bağlı tariflər artsa da sürət dəyişməz qalır.
 
“Azad İstehlakçılar Birliyi”-nin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirib ki, bu problemlə bağlı istehlakçılar ona da müraciət edib.
 
 
“İnternetin qiymətinin artıb, sürətinin sabit qalması, artmaması ilə bağlı hər gün “Azad İstehlakçılar Birliyi” nə də telefon zəngi daxil olur. Bu, birmənalı şəkildə istehlakçı hüquqlarının pozulmasıdır. Dövlətin apardığı rəqəmsallaşdırma siyasətinə zidd bir addımdır. Çox təəssüflər olsun ki, internet provayderləri istehlakçıları soyur, aldadır, müqavilə şərtlərinə əməl etmirlər. İnternet provayderləri çox da böyük olmayan bir qrup adamlarındır. Görünür onların öz aralarında bir sövdələşmələri var ki, hamımız istehlakçıları aldadaq. Düşünürəm ki, hökümət buna ciddi reaksiya verməlidir. Bu sahədə problemləri olan insanlar 195 qaynar xətti ilə İqtisadiyyat Nazirliyinə şikayətlərini bildirə bilərlər”, - deyə o bildirib.
 
Eyyub Hüseynov bildirib ki, internetin qiymətinin artması ilə bağlı olaraq hər bir istehlakçıya sərbəst seçim hüququ verilməlidir:
 
“Qiymətin artması onunla bağlı idi ki, vəd vermişdilər ki, yüksək sürətli internet verəcəkdilər. İstehlakçı-istehsalçı hüququ var. Gərək elə olmasın. İstehlakçı interneti hansı tezlikdə sürətdə istəsə istifadə edə bilər. İmkan verilməlidir ki, istehlakçı seçim hüququndan istifadə edə bilsin. Bunu vermədilər. İnzibati üsulla istehlakçıya eyni rüşvət vermək istəyirdilər. Düşünürəm ki, bu istehlakçı hüquqlarının pozulmasıdır. Əslində bu adla ediblər, amma vermirlər. İstehlakçı hüquqlarının pozulmasını qanunlarda axtarmaq lazımdır. Çünki cəmiyyəti insanlar yox, qanunlar idarə edir. “İstehlakçıların hüquqlarının qorunması” haqqında qanun 1995-ci ildə qəbul olunub. O vaxtdan bəri bazar, həyat dəyişib, rəqəmsal satış, ticarət əmələ gəlib və s. Qanunlarsa dəyişməz qalıb, köhnəlib. Qanunu yerinə yetirən dövlət orqanı ötən həftə cənab prezidentin fərmanı ilə agentliyə çevrildi. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidməti, indi Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyi oldu. Gözləyirik ki, bu qurum daha rasional, yaxşı işləyəcək. Çünki İqtisadiyyat Nazirliyinin əsas məqsədi biznesin inkişafı idi. İstehlakçı hüquq qorumaqla biznesin inkişafı bir-birinə təzad təşkil edirdi. Ona görə də gözləyirik ki, burada böyük kadr dəyişikliyi olacaq. Yeni kadrlarla istehlakçı hüquqlarının mükəmməl qorunmasını gözləyirik”.
Link kopyalandı!
Son xəbərlər