“İranın Ermənistana keçirəcəkləri malların üzərində nəzarət rusların əlində olacaq. Belə olduğu halda ruslar İrandan Ermənistana gələn hərbi yükləri buraxmayacaq...”
Siyasi analitik Tahir Cəfərli ilə Moderator.az üçün Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində açılmasıyla bağlı İran dövlətinin qayğıları və s. haqda qısa söhbət etdik.
- Tahir müəllim, Rusiyaya Ukraynaya qarşı savaşda həm siyasi, həm hərbi dəstək verən İran bəs nəyə görə Zəngəzur dəhlizinin Rusiya “FSB”-nin nəzarətində açılmasından bu qədər narahatdır?
-Narahatçılığa əsası ondadır ki, İranın Ermənistana keçirəcəkləri malların üzərində nəzarət rusların əlində olacaq. Belə olduğu halda ruslar İrandan Ermənistana gələn hərbi yükləri buraxmayacaq. Ermənilər Zəngəzura nəzarət etsələr, onlar Ermənistana istədikləri yükü keçirəcəklər. Odur ki, Zəngəzur dəhlizinin “FSB”-nin nəzarətində açılmasında Azərbaycanın da ciddi marağı var...
Rusiya erməniləri cəzalandırır. Bu, faktdır. Və Azərbaycan-Rusiya əməkdaşlığı indiki dövrdə çox vacib məsələdir. Azərbaycan Rusiya ilə birlikdə Zəngəzur dəhlizini açacaq, elə“FSB”-nin əliylə...
-Məlumdur ki, Qərb də, ABŞ, Avropa da Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində qalmaqla açılmasının qəti əleyhinədir. Əgər Azərbaycan həmin dəhlizin açılması üçün Rusiyanın dəstəyi ilə hərbi əməliyyata başlasa, İran da Qərbin dəstəyi ilə buna müdaxilə edərmi?
-Əvvala, Azərbaycan Zəngəzurda hərbi əməliyyata başlamayacaq. Çünki vaxtı deyil. İrana isə heç bir Qərb ölkəsi dəstək verməz ki, o Zəngəzura girsin, çünki ortada Türkiyə var. O, NATO-nun hərbi cəhətdən ən qüdrətli ölkəsidir və Zəngəzur dəhlizinin işləməsi onun da geo-siyasi marağındadır və dəhliz məsələsində ABŞ Türkiyənin tərəfindədir. Ən əsası bu dəhlizin işləməsi elə ABŞ-nin də iqtisadi marağındadır. Odur ki, İrana dəstək ola bilməzlər. Bundan əlavə, İranın ora girməsinin heç bir əsası yoxdur...
-Bəs niyə İran belə aktiv müqavimət göstərir?
-İran əvvəlki kimi Zəngəzur vasitəsi ilə yüklərini Ermənistana daşımaq istəyir ki, həmin dəhliz hesabına ölkəsinə külli miqdarda gəlir daxil olsun. Azərbaycan Zəngəzuru özünə qatsa, İran bu gəlirlərini itirəcək...
-Bəs bu düyünü necə açmaq olar?
-Zəngəzur əvəzinə İrana daha da çox fayda verən dəhliz təklif etməklə. Bu da Azərbaycandan İrana keçən yollardır. Rusiya diplomatiyası İrana bunları təklif edir. Bundan əlavə, Ermənistanın Qərbə yönəlməsi İranı təşvişə salır. Belə getsə, Ermənistan İrana qarşı Qərb üçün hərbi platsdarma çevriləcək. Odur ki, İran sonda Zəngəzur məsələsində Rusiya ilə razılaşacaq...
-Belə başa düşdük ki, siz Azərbaycanın Zəngəzura hərbi müdaxilə etməsi üçün əsası olduğunu hesab edirsiz?
-Əslində Prezident İlham Əliyevin əlində 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşma var. Bunu əsas götürüb biz Zəngəzura girə bilərik. “Bəs nə üçün Azərbaycan Zəngəzuru azad etmir?” sualı ortaya çıxır. Cavab sadədir. Əlində əsas olsa da, Azərbaycan Prezidenti tələsmir. Bu da ən düzgün yoldur. Fikir verin, 3 ölkə: ABŞ, Fransa və İran Zəngəzurun azad olmasına maneə yaradıblar. Bu maneələri səbirlə fəth etdikdən sonra rahatlıqla biz Zəngəzura girəcəyik...
Hazırda Zəngəzur dəhlizinin açılmasını Rusiya, Türkiyə, Çin, Qazaxıstan və s. ölkələr istəyir. Ermənistanın buna mane olması onu bu ölkələrin gözündən salacaq. Bu gün-sabah Ermənistanın İrana qarşı hərbi plastdarma çevrildiyini görən İran liderləri də, ondan üz döndərəcəklər. ABŞ-də Tramp hakimiyyətə gələn kimi, Fransa, Makronlar susmalı olacaq. Çünki Tramp proteksionizmı iqtisadi maraqlar üzərində qurulduğundan ABŞ bu maraqlarından çıxış edib, Zəngəzur dəhlizinin işləməsinə qərar verəcəkdir. Bütün bunları proqnozlaşdıran Azərbaycan lideri geo-siyasi vəziyyətin Azərbaycanın xeyrinə olan anı gözləyir. Bu məqam isə tezliklə gələcək...