“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
Ekskluziv
5943
05 Sep 2024 | 17:20

“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO

“Atamın oxşarını, xasiyyətini, hərəkətini heç bir aktyorda görmürəm. Onun bənzəri yoxdur. Nə qədər səsi ilə danışsalar da, onun kimi oynamaq istəsələr də bu onlarda hiss olunur. Həmin aktyorlar bəlkə də yaxşı ola bilərlər, amma Həsən Turabov ola bilməzlər. Onun bənzəri yox idi. İstəmirəm ki, aktyorlar atamın səsi ilə danışıb, özlərini ona oxşatsınlar. Atam necə ki, tək idi, qoy elə də tək qalsın”.
 
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Həsən Turabovun qızı Sevinc Turabova deyib.
 
 
O daha sonra əlavə edib:
 
“Onun bənzəri təkcə rəhmətlik qardaşım Daşqın idi. Çox oxşayırdı ona. Elə bilin Daşqın Gəray bəy idi. Atam da Daşqını özü kimi görürdü. Daşqın dediyini edirdi. Eynilə atamın xasiyyətində idi. Söz verdisə onun arxasından qaçmazdı. Atamın bənzəri qardaşım Daşqın ola bilərdi. Hətta iki filmdə də çəkilib. Atam arabir onu özü ilə çəkilişlərə aparırdı. Daşqın İncəsənət Universitetində oxuyurdu, deyirdi ki, mən gələcəkdə atam kimi aktyor ola bilməyəcəm, nəyə lazımdır ki, əziyyət çəkim? O bilirdi ki, atamın oynadığı rolları oynaya bilməyəcək. Ona görə də aktyor yox, polis olmaq istədi. 3 sənətin sahibi idi”.
 
Sevinc Turabova bildirib ki, qardaşı Daşqını ov tüfəngi ilə öldürən şəxsi ömrünün sonuna qədər bağışlamayacaq:
 
 
“Qardaşım Daşqının qatilini heç vaxt bağışlamaram. Ölsəm də bağışlamaram. Onu Allah da götürməz, o da bağışlamaz.. Günahkarın illər sonra üzr istəməsi, günahını boynuna alması nəyi dəyişdi? Daşqının dərdi mənim neçə illərimi apardı. Həyatımızı məhv etdi, ailəmizi dağıtdı. Qardaşımdan sonra atam dözmədi, ürəyi partladı. Anam xəstəlik tapdı. Heç o qatilin zəngini də istəmərəm, görüşmək də istəmərəm onunla. Nə təskinlik verə bilər bizə? Heç lazım da deyil! Verilişdə illər sonra hər şeyi etiraf edir, özünü günahkar bilir” deyə sənətkarın qızı deyib.
 
Sənətkarın qızı bildirib ki, müasir dövrdə güclü rejissorlar yetişməlidir:
 
“Atamın vaxtında onların çox güclü rejissorları olub. O Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Azərpaşa Nemətovla birlikdə çalışıb. Hələ digərlərinin adı yadımdan çıxıb. Onlar bir məktəb idi. Onlardan dərs almışdılar. Bəlkə elə o rejissorlara görə həmin aktyorlar tanındılar. Bundan əlavə güclü dramaturqlar da var idi. İlyas Əfəndiyev, Elçin və s. Yadıma gəlir, atam İlyas Əfəndiyevin “Unuda bilmirəm” əsərində Amaliya Pənahova ilə birlikdə oynamışdı. Bir gün İlyas müəllim bizə zəng etdi, telefonu götürüb atamı çağırdım. Atama dedi ki, mən illər sonra “Unuda bilmirəm” əsərinin ardını yazıram, istəyirəm ki, orada Kamranın yaşlı vəziyyətini yenə sən oynayasan. Bəlkə də o vaxtkı dramaturqlar, rejissorlar sağ olsaydı bugünki gənclər onlardan nələrsə öyrənib götürərdilər. Atam rəhmətə getməsəydi görün nə qədər tələbələri olardı, Turabov məktəbi olardı. İndiki aktyorlara gözəl tamaşalar arzu edirəm. Boş-boş, mənasız kinolarda çəkilmək nəyə lazımdır? Atam, Həsən Məmmədov “7 oğul istərəm” filmində çəkiləndə o qədər də yaşları yox idi. Amma görün necə rollar yaradıblarsa bu gün də dillərdə əzbərdir”.
 
Link kopyalandı!
Son xəbərlər