"Acı təbəssümlər doğuran haldır ki, manqurt yuxarılar ona xəbərdarlıq edərək köləcəsinə göz yuma-yuma vəzifədə saxladılar..."
1960-1980-ci illərdə Azərbaycan Milli Azadlıq Hərəkatının tanınmış simalarından olmuş, Milli Azadlıq Qərargahının rəhbəri, mərhum tarixçi-yazar Oqtay Eldəgəzin 2014-ci ildə “Poladdan bir yarpaq” adlı kitabında dərc edilmiş “İçim yanır, çölüm yox” məqaləsində 51 qələməlik(vaqonluq) bir qatarda Moskvaya yola düşən, Üzeyir Hacıbəylinin, Bülbülün, Şövkət Məmmədlinin və s. tanınmış Azərbaycan ziyalısı və mədəniyyət xadimlərinin də daxil olduğu heyətə yolboyu Rusiya bolşevikləri və onların əlaltıları olan ermənilər tərəfindən təhqiramiz münasibət, başlarına gələnlərdən bəhs edilir.
Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli Moderator.az oxucuların ixtiyarına buraxırıq:
Müsafirlər mənzil başına yetişdilər, iki mehmanxana onları qoynuna aldı... Burada da ingilis dağ qəsrlərində olduğu kimi, sakinsiz otaqlarda gəzişən qorxunc ruhlar sürünürdü... Ayın 8-də R.M. Qliyerin “Şahsənəm” operasında Şahsənəm surətini oynayacaq Şövkət xanım Məmmədlinin 51 saylı otağının qapı və pəncərələri gecə ikən taybatay açılmış, ifaçı qızdırmalı zökəmə tutulmuş, iki gün ötmüş həmin dəhlizdə qonşu otaqda qalan qızların, o cümlədən xanım qız Leyla Cavanşirlinin yatağına ana-bala siçovullar buraxılmış, ertəsi gün axşam düşəndə 10 dəqiqəlik tezliklə haradansa yayılan tükürpərdən naməlum zil qışqırıq səsləri sübhə kimi qonaqları təbdən çıxarmış, yuxularına haram qatmışdı. Müəmmalı sapmalar tamaşalar gedən zamanlarda da səngiməmiş, daha dözümsüz şəkillər almışdı. Səhnə tərtibatında şübhəli tərzdə yoxa çıxan hissələr, milli geyimlərin ünsürlərinin çatışmaması bir yana, təəccüb doğuran hallar baş tamaşalarda və sənətkar qayəsinin şərhinə xidmət edəcək sayın pərdələrdə zühura gəlirdi. “Nərgiz” operasının (1935, Müslüm Maqomayev), “Koroğlu” operasının oynanışı vaxtı taxta pillələrin qəflətən uçması, “Arşın malalan” musiqili komediyasının başlanğıcında pərdənin açılmaması, məlum operanın Çənlibel səhnəsindən və qızlar xorundan sonra pərdənin bağlanmaması moskvalıların narazılığına, fit səslərinə, ayaq tappıltılarına rəvac verirdi. Nigar surətinin ifaçısı Knarik Qriqoryan – Mkrtıçyanın səhnəyə bir saat, orkestrin baş dirijoru Qrant İonesyanın isə yarım saat gecikmələri hamının, ələlxüsus, hökumət eyvanında əyləşən Stalinin ovqatını təlx eləmişdi. Yaxşı ki, əzəmətli üverturanın ecazkar sədaları və bənzərsiz Bülbülün mat qoyan vokal sənəti bu xırdalıqları unutdururdu. Görünür, belə sancaq batırmaları kiməsə lazım imiş...
Kremldə yekun yığıncağında şəxsən Stalinin nitqi, ongünlüyə yüksək qiymət verməsi, onu “... gözlədiyimizdən daha uğurlu, daha möhtəşəm” adlandırması hər şeyi öz yerinə qoydu. Mərkəzi və dünya mətbuatları da bu rəyə qoşuldular. Gedənlər şad və xürrəm Bakıya döndülər...
Qəlbini xəbislik qurdları, paxıllıq ibnələri dalayan bədniyyət rəqibləri aşkara çıxarmaq çətin olmadı. Bu, Azərbaycan Dövlət Filarmoniyasının yerli həmkarlar təşkilatçısı, Üzeyir bəy Hacıbəylinin müsavatçılığı haqqında yuxarılara dəfələrlə yazılı çuğulluq etmiş qatı daşnak ləçəri Avak Akopyandı. Azərtürklyümüzün yeni uğurlarına dözməyən akopyanlar guruhu təxribatlar törətməklə sal qayadan, uca dağdan kəsək qoparmaq istəyirdilər. Acı təbəssümlər doğuran haldır ki, manqurt yuxarılar ona xəbərdarlıq edərək köləcəsinə göz yuma-yuma vəzifədə saxladılar...
Təqdim etdi: Sultan Laçın