Mediamızda ana dilinin norma və qaydalarına əməl edilməsi, bu sahədəki mövcud problem və çatışmazlıqlar uzun illərdir ki, müzakirə olunan əsas məsələlərdən biridir. Maraqlıdır, bəs hazırda bu sahədə vəziyyət necədir?
Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev bu gün də məlum sahədə vəziyyətin ürəkaçan olmadığını vurğulayıb:
“Təəssüf hissi ilə qeyd edirəm ki, mediamızda, eləcə də radio və televiziyamızda bu sahədə vəziyyət arzuedilməz olaraq qalır. Mediada dilin norma və qaydalarına lazımınca əməl etməklə bağlı ciddi problemlər var. Bunun isə əsasən iki səbəbi mövcuddur. Bunlardan biri dilimizin özünün norma və qaydlarında yaradılan qarışıqlıqla bağlıdır. Hansı ki, biz bununla bağlı dəfələrlə dilçilərimizə müraciət etmişik.
Digər bir səbəb isə ümumi savadsızlıqla bağlıdır. Bu, özünü sadəcə sayt və qəzetlərdə deyil, eyni zamanda radio və televiziyalarda da göstərir.
Əvvəllər redaksiyaların özündə bu sahəyə xüsusi nəzarət var idi. Dil üzrə mütəxəssislər, ekspertlər mətnləri, cümlə və ifadələri diqqətlə nəzərdən keçirir, ciddi nöqsanların baş verməsinin qarşısını alırdı. Bu gün isə vəziyyət fərqlidir və bu da özünü dilin norma və qaydalarının pozulmasında göstərir”.
Seymur ƏLİYEV