Zərdüşt Əlizadə: “Yaxın gələcəkdə də Cənubi Qafqazda qüvvələr nisbəti dəyişilməmiş qalacaq”
“Azərbaycan 44 günlük Vətən müharibəsi ilə regionda qüvvələr nisbətini qəti şəkildə müəyyənləşdirib və bu qüvvələr nisbəti yaxın gələcəkdə də dəyişilməmiş qalacaq”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bilidirb. Ekspert qeyd edib ki, Ermənistanın müxtəlif ölkələrlə hərbi müstəvidə həyata keçirdiyi əməkdaşlıq ciddi mənada nəyisə dəyişmək iqtidarında deyil:
“Vətən müahribəsindən sonra Ermənistan müxtəlif dövlətlərlə hərbi müstəvidə əməkdaşlığı genişləndirməyə səy göstərir. Xüsusilə də, Fransa və Hindistan kimi ölkələrdən silah-sursat və hərbi texnika almağa, öz ordusunu yenidən formalaşdırmağa cəhd edir. Halbuki, Ermənistanın bu kimi addımlarla nəyəsə nail olması mümkün deyil.
ABŞ-Ermənistan birgə təlimləri, habelə, bu qəbildən olan digər təlimlər Ermənistan ordusunun döyüş qabiliyyətini yüksəltmək məqsədi ilə həyata keçirilsə də, əslində, bütün bunların Azərbaycanla Ermənistan arasındakı qüvvələr nisbətinə ciddi mənada təsir göstərməsi mümkün deyil. Azərbaycan öz hərbi-iqtisadi gücünə görə regionun lider dövlətidir və öz üstünlüyünü sürətlə artırır. Belə olan halda, Ermənistanın hansısa xam xəyala qapılması, revanşist ideyalarla hərəkət etməsi bu ölkənin özü üçün faciəvi ola bilər”.
Seymur ƏLİYEV