Məşhur Məmmədov: “Azərbaycan-Pakistan qardaşlığı tarixin sınaqlarından hər zaman alnıaçıq çıxıb”
“44 günlük Vətən müharibəsində bəzi dövlətlər özlərini karlığa-korluğa vuranda, erməni faşizminə qarşı ölüm-dirim mübarizəsi aparan Azərbaycana dəstək verməkdən çəkinəndə Pakistan nümayişkəranə şəkildə dövlətimizin yanında olduğunu bildirib, xalqımızla həmrəylik sərgiləyib”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Pakistana son səfəri və bu səfər əsnasında baş verənlər iki dövlət arasındakı doğma münasibətin isbatıdır:
“Prezident İlham Əliyevin Pakistana səfəri və bu səfər əsnasında Azərbaycanın dövlət başçısının yüksək səviyyədə qarşılanması, bir-birindən əhəmiyyətli görüşlərin keçirilməsi iki dövlət arasındakı münasibətin səmimiliyindən, dərinliyindən və möhkəmliyindən xəbər verir. Bu səfər sübut etdi ki, Azərbaycan-Pakistan tarixi dostluğu əzəli olduğu qədər də əbədidir və bundan sonra da yaşamaqda, bütün dünyanı heyrətləndirmək davam edəcək”.
Millət vəkili bildirib ki, Pakistan-Azərbaycan dostluğu bütün dünyaya mesajdır:
“Azərbaycan-Pakistan dostluğu bütün dünyaya, eləcə də anti-Azərbaycan və anti-Pakistan qüvvələrinə mesajdır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan və Pakistan bütün sahələrdə bir-birinə ciddi dəstək verir və tam həmrəylik sərgiləyir. Prezident İlham Əliyev də qeyd etdi ki, iki dövlət beynəlxalq arenada bütün məsələlərdə bir-birlərini qətiyyətlə dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.
Bir məqamı da qeyd edim ki, Azərbaycan-Pakistan dostluğu heç bir dövlətə qarşı yönəlməyib və dünyada sülhün təminini xidmət edir”.
Seymur ƏLİYEV