“Müasir dünyamızda narkotik dövlət və cəmiyyətləri çökdürmək üçün əsas vasitələrdən biridir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib. Millət vəkili qeyd edib ki, bu gün xalqımızın milli-mənəvi dəyərlərini məhv etmək, onun sağlam gələcəyini şübhə altına almaq istəyən bəzi qüvvələr ölkəmizi narkotik bəlası ilə sınağa çəkməyə cəhd edir:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz işğaldakı torpaqlarımızı azad etməyimizə görə ordumuza, gənclərimizə, onların sağlam ruhuna borcluyuq. Dövlət başçısı çıxışlarında xalqın milli-mənəvi dəyərlərə bağlılığını qorumağın hədsiz önəmindən bəhs edib, gələcək uğurların milli ruha və sağlam dəyərlərə bağlı olduğunu bildirib.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfəri, habelə diplomatiyamızın ardıcıl uğurları fonunda ölkəmiz sürətli iqtisadi-siyasi inkişaf yoluna qədəm qoyub. Bu isə dünyadakı bəzi qüvvələri ciddi şəkildə narahat edir. Bu səbəbdən də məkirli qüvvələr ölkəmizə qarşı müxtəlif təsir və təzyiq vasitələrdən istifadə etməyə çalışırlar. Son illər ölkəmizə sızmağa çalışan sərhəd pozucularında külli miqdarda narkotik vasitənin aşkarlanaraq müsadirə olunması faktları buna sübutdur. Bu faktlar onu göstərir ki, ölkəmizdə narkotik vasitələrin yayılmasında, gənclərin bu zərərli vərdişə sahiblənməsində maraqlı olan qüvvələr var.
Lakin qürurvericidir ki, sərhədçilərimiz və digər əlaqədar qurumlar narkotik bəlasına qarşı uğurla mübarizə aparmaqdadır. Məhz sərhədçilərimizin ayıq-sayıqılığı, peşəkarlığı sayəsində hər ay ölkəmizə narkotik keçirməyə çalşan xeyli sayda sərhəd pozucusu saxlanılaraq məsuliyyətə cəlb edilir. Nümunə üçün qeyd edim ki, cəmir bir neçə gün bundan öncə - cari ilin 3 iyul tarixində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan şəxslərin saxlanılması nəticəsində onların üzərindən 15 kiloqram 25 qram narkotik vasitə aşkarlanaraq götürülüb ki, bu da ölkəmizə yönəlik narkotik axınının miqyasını göstərir.
Bu baxımdan sərhədçilər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə ciddi sipərdir və inanıram ki, bundan sonra da kimsəyə bu sipəri yarmaq müyəssər olmayacaq”.
Seymur ƏLİYEV