VI çağırış Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi? - MARAQLI SORĞU
Ekskluziv
3134
05 Jul 2024 | 13:34

VI çağırış Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi? - MARAQLI SORĞU

“Mövzu ilə maraqlananda bəlli oldu ki, deyəsən, bəzi qoca deputatlar yenidən namizədliklərini irəli sürüb-sürməmək haqda qərar verə bilmirlər. Odur ki, inzivaya, yəni xəlvətə çəkilib dərin-dərin düşünürlər...”
 
Sentyabrın 1-də gözlənilən parlament seçkiləri ilə bağlı bu günlərdə cəmiyyətin ictimai-siyasi proseslərlə maraqlanan müəyyən bir hissəsini düşündürən suallardan biri də Milli Məclisin dəfələrlə deputat seçilmiş, xüsusən də ahıl yaşlı üzvlərinin namizədliklərini yenidən irəli sürüb-sürməməkləridir. 
 
Qeyd edək ki, ümumi qəbul olunmuş yaş təsnifatına görə 60-74 yaş intervalında olan şəxslər ahıl, 75-89-yaş intervalında olanlar qoca, yaşı 90-dan çox olanlar isə uzunömürlü hesab edilir...
 
Mövzu ilə maraqlananda bəlli oldu ki, deyəsən, bəzi qoca deputatlar yenidən namizədliklərini irəli sürüb-sürməmək haqda qərar verə bilmirlər. Odur ki, inzivaya, yəni xəlvətə çəkilib dərin-dərin düşünürlər... 
Məsələn, VI çağırış Milli Məclisin ən yaşlı və stajlı deputatı – 85 yaşlı Ziyad Səmədzadə telefon zənglərinə cavab vermir.  Ancaq, çox güman ki, sovet dövrünü də hesablasaq, artıq 8 dəfə deputat olmuş  Ziyad müəllim 9-cu dəfə namizədliyini irəli sürmək qərarından çəkinəcək. 
 
 Parlament üzvlərindən biri olan və 2020-ci ildə 7-ci dəfə deputat ola bilmiş 79 yaşlı  Eldar İbrahimov telefon zənglərini açıq şəkildə rədd edir.
 
77 yaşlı Əhliman Əmiraslanov da zənglərə cavab vermir. Hər 2 deputatın bəhs edilən mövzuda mediaya heç bir açqlamasına rast gəlmədik... 
 
Vətəndaş Həmrəyliyi partiyasının 78 yaşlı sədri Sabir Rüstəmxanlının isə telefonuna zəng çatmır. Lakin “Ömür karvanı”nın müəllifi hələ iyunun 4-də mediaya  açıqlamasında bildirib ki, onun seçkilərdə iştirak edib-etməyəcəyi məlum deyil. Amma...
“Hələ ki, deputat seçkiləri ilə bağlı rəsmi qərar yoxdur. Məhz bu səbəbdən seçkilərdə iştirak edib-etməyəcəyim məlum deyil. Amma namizədliyimin irəli sürülməsi ilə bağlı Vətəndaş Həmrəyliyi partiyasının qərarı olarsa, daha əvvəl deputat seçildiyim 61 saylı Neftçala seçki dairəsindən seçkilərə qatıla bilərəm”- deyə şair-yazıçı deputat bildirib.
 
7 dəfə parlament üzvü ola bilmiş Ana Vətən partiyasının  77 yaşlı  Fəzail Ağamalı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı qısa danışdı:
 
“Bu mövzu ilə bağlı bir neçə dəfə açıqlama vermişəm. Dediklərimizi təkrarlamayaq...”
“Milli Məclis üzvlüyünə namizədliyinizi yenidən irəli sürməyi qətiləşdirmisinizmi?” sualını isə  deputat belə cavablandırdı:
 
“Gələn həftə Ana Vətən partiyası İdarə Heyətinin hansı dairələrdən kimlərin namizədliklərini irəli sürməklə bağlı qərarı olacaq. Həmin qərardan sonra açıqlama verəcəyik. Necə ki, bu gün Yeni Azərbaycan  partiyası və başqa partiyalar edir, biz də elə edirik...”
 
Xatırladaq ki, bundan əvvəl, iyunun 13-də F. Ağamalı mediaya belə bir açıqlama verib: 
 
"Hələ ki, müzakirələr gedir. Güman edirəm ki, yenə həmin dairədən namizədliyimi irəli sürəcəyəm".
 
21 iyundakı növbəti açıqlamasında isə partiya sədri qərarını bir az da qətiləşdirib: 
 
 “İlkin müzakirələrdə Ana Vətən Partiyasının sədri kimi mənim seçkilərdə iştirakım vacib hesab edilib. Təbii ki, mən partiya üzvlərinin fikri ilə razılaşmışam, bu seçkilərdə iştirak etmək niyyətindəyəm”.
 
77 yaşlı Vahid Əhmədov Moderator.az-a açıqlamasında məsələ ilə bağlı bunları söylədi:
“Demək olar ki, namizədliyimi irəli sürmüşəm. Yəni ərizəmi MSK-ya göndərmişəm. Amma qalan məsələlər, təbii ki, sonra bilinəcək. Yenə də 52 saylı Quba-Qusar seçki dairəsindən namizədliyimi vermişəm”. 
 
74 yaşlı Tahir Rzayev də telefon zənglərinə cavab vermir. Lakin o mayın əvvəlində mediaya verdiyi açıqlamada seçkilərdə yenidən iştirak etmək niyyətini ifadə edib:
“Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. İlk gündən Partiyanın sıralarında olmuşam, onun təşkilatlanmasında müəyyən qədər iştirak etmişəm. Bu gün YAP-ın bir əsgəriyəm. YAP məsləhət bilərsə, sözsüz ki, namizədliyimi müdafiə etməyə hazıram".
 
71 yaşlı Aqil Abbas Moderator.az-a açıqlamasında daha konkret cavab verdi:
“Mən gedecəyəm Qarabağa, camaatımızla məsləhət edib, sonra qərarımı açıqlayacağam...”
 
Mayın  16-da mediaya verdiyi açıqlamada isə yazıçı-deputat belə deyib:
 
“2020-ci ildə keçirilən parlament seçkilərində Qarabağ regionundan seçilmişdim. Növbəti seçkilərdə isə hansı seçki dairəsindən qatılacağım dəqiq deyil. Çünki seçkilərdə iştirak edib-etməyəcəyim hələ ki, məlum deyil”...
 
Link kopyalandı!
Son xəbərlər