“Terror qruplarının xarici ölkələrin təhlükəsizlik orqanlarına bağlı olduğu məlum həqiqətdir. Bu baxımdan Dağıstanda baş verən terror hadisəsini əminliklə demək olar ki, xarici kəşfiyyat orqanları təşkil edib”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Azər Qasımov bildirib. Ekspert məlum olayların Rusiya-Ukrayna müharibəsinə mümkün təsirlərinə diqqət çəkib:
“Baş verən terror olayında İŞİD-in üslubu hiss olunur. İŞİD-in də hansı dövlət tərəfindən yaradıldığı bəllidir. Görünən odur ki, Rusiya indi də din təəssübkeşliyi üzərindən vurulmaq istənilir. Bu, çox təhlükəli metoddur və yaranacaq qarşıdurmanın qarşısını almaq çətin və mümkünsüz məsələdir.
Ukrayna müharibəsi fonunda Rusiyada bu kimi terror hücumlarının olacağı həmişə proqnoz edilirdi, hansı ki, buna çoxdan start verilib. Moskvadakı terror aktı buna misaldır. Hesab etmək olar ki, bu proses artan xətt üzrə davam edəcək.
Şimali Qafqaz hər zaman Rusiyanın qaynar və gərgin nöqtəsi kimi partlamaya hazır olan potensialını saxlayıb. İndi burda terror hücumu törətməyin də məqsədi bu gərginliyi artırmaqdır. Təbii ki, Rusiya təhlükəsizlik gücləri bu kimi hadisələrin qarşısını almaq gücündədir. Amma bu, əlavə silahlı qüvvə, vəsait və s. amillər deməkdir ki, Ukrayna ilə müharibə fonunda Rusiya üçün bu, problem yaradır.
Şübhəsiz, belə hadisələr Rusiyada ciddi dəyişikliklər edə bilməz, amma hər belə bir hadisə Rusiyanın istər daxilində, istərsə də xaricində imicindən nəsə götürür. Ölkə daxilində vətəndaşların həm dövlətə, hakimiyyətə inamını azaldır, həm də gələcəyə olan ümidlərini qırır ki, bu da Ukrayna müharibəsi zamanı Rusiyaya lazım olmayan ən başlıca amildir”.
Seymur ƏLİYEV