Qabil Hüseynli: “Fransanın Ermənistana dəstəyi göz önündədir”
“Makron rejimindən hər cür avantüra gözləmək olar. Bu mənada Fransa qoşunlarının Ermənistana göndərilməsi ehtimalını istisna etmək doğru olmaz”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, Fransanın Ermənistana artan hərbi dəstəyi Makron rejiminin ölkəmizə olan qərəzli münasibətinin nəticəsidir:
“Fransa Ermənistana hərbi dəstək verməkdə davam edir. Biz görürük ki, artıq bu dəstəyə müasir hücum silahları, artilleriya sistemləri də əlavə olunmaqdadır. Hansı ki, bütün bunlar Fransanın Azərbaycana olan qərəzli münasibətindən, eləcə də regionla bağlı məkirli planlarından xəbər verir. Bu baxımdan Fransa qoşunlarının hansısa ad altında regiona gətirilməsi ilə bağlı deyilənlərə ciddi yanaşmaq üçün kifayət qədər əsas var. Biz bu məsələyə həssaslıqla yanaşmalı və bu planın reallaşmaması üçün fəaliyyətimizi gücləndirməliyik”.
Seymur ƏLİYEV