“Sürücülər deyir ki, gedin hara şikayət edirsiz edin”-96 saylı avtobus niyə 40 dəqiqədən bir gəlir?-AYNA-dan AÇIQLAMA-ÖZƏL
3108
19 Jun 2024 | 12:12

“Sürücülər deyir ki, gedin hara şikayət edirsiz edin”-96 saylı avtobus niyə 40 dəqiqədən bir gəlir?-AYNA-dan AÇIQLAMA-ÖZƏL

Son günlər Bakı şəhərində müşahidə olunan nəqliyyat sıxlığı bir sıra marşrut avtobuslarının işini əngəlləyib. Amma bəzi marşrut sahibləri öz problemlərini də tıxacların üstünə yıxmaq istəyir.
 
Moderator.az-a 96 saylı avtobusla bağlı bir neçə şikayət daxil olub. Şikayətçilər bildirir ki, dayanacaqda hətta yarım saatdan çox 96 saylı avtobusu gözləyirlər.
 
“Artıq bir neçə ildir ki, bu problemdən əziyyət çəkirik. Elə vaxt olur ki, 40 dəqiqə 96-nı gözləyirik. Bütün avtobuslar gəlib-gedir 96-dan başqa. Hər səhər bu problemi yaşayıram. Şamaxinka deyilən ərazidə avtobus gözləyirik. 96-ya qədər bəlkə 10-15 dəfə 114B, 114A nömrəli avtobuslar keçir. Bilmirik dərdimizi kimə deyək” deyə şikayətçi Gülsüm Məmmədquliyeva deyib.
Daha bir şikayətçi Məmməd Süleymanov isə bildirib ki, avtobusu taksilərlə əvəzləyib.
 
“Mən elə bir yerdə çalışıram ki, ora yalnız 96 saylı avtobus gedir. Düzdür, metro ilə də gedə bilərəm, amma qoca adamam, metroda sıxlıq olur, ürəyim dözmür. Nəzərə alsaq ki, indi yaydır. 96 mənim üçün rahatdır. Bilmirəm avtobus azdır yaxud da intervalları bu cürdür?! Bir onu bilirəm ki, 96 saylı avtobusu görəndə sevinirik. Çox vaxt işə taksi ilə gedib-gəlirəm. Gündə 5-6 manat taksiyə pul vermək əlbəttə ki, mənim büdcəmə ziyandır. Bir neçə dəfə sürücülərə bu iradımızı bildirmişik. Onlar da deyib ki, gedin hara şikayət edirsiz edin. Ümid edirik ki, bu problem tezliklə həllini tapacaq” deyə şikayətçi bildirib.
 
Mövzu ilə bağlı AYNA-dan saytımıza bildirilib ki, 96 nömrəli müntəzəm marşrut üzrə 8 avtobus 12-15 dəqiqə intervalla hərəkət edir. 
 
“Yollarda müşahidə edilən sıxlıq səbəbindən marşrutun hərəkət intervalı 25 deqiqədən çox artır. Daşıyıcıya marşrut üzrə avtobus sayının artırılması və sərnişin təlabatına uyğun nizamlı fəaliyyətinin təmin edilməsi tapşırılıb. Qeyd edək ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək” deyə AYNA-dan bildirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər