“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
Ekskluziv
3687
20 Apr 2024 | 10:52

“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”

“Azərbaycan-Türkiyə münasibətlərinin spesifik cəhətlərinə baxmayaraq, Türkiyə də kollektiv Qərbin bir hissəsidir, NATO üzvü olan dövlətdir.  Türkiyə bu məsələlərdə heç bir zaman Rusiya ilə eyni mövqedə olmayacaq...”
 
“Azərbaycanla Ermənistan arasında sülh danışıqları da daxil olmaqla Cənubi Qafqazda bu ilin sonunadək gedəcək proseslərdən pozitiv bir irəliləyiş, müsbət bir nəticə gözləmirəm. Bunun üçün heç bir əsas yoxdur, ona görə ki, artıq Cənubi Qafqaz, təəssüf ki, yeni bir cəbhə xəttinə çevrilib. Bunu biz deyirdik, bu region mütləq bir mübarizə meydanı olacaq. Amma artıq bu proses baş verdi”.
 
Bu fikirləri Moderator.az əməkdaşının "2024-cü ilin sonunadək Cənubi Qafqazdakı proseslər, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesinin gələcəyi haqda hansı proqnozları vermək olar?” sualını cavablandırarkən  siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.
 
“Hal-hazırda ciddi bir mübarizə Gürcüstan uğrunda gedir. Ermənistanla bağlı məsələ nəzəri baxımdan həll olunmaq üzrədir. Qərb Ermənistanı faktiki himayəyə götürdü və bu ölkəyə getdikcə dəstəyinni gücləndirir. Bu işin içərisində Avropa Birliyi, NATO,  Amerika Birləşmiş Ştatları, Fransa da ayrıca var. Lakin Gürcüstan uğrunda mübarizə davam edir, bu Cənubi Qafqaz ölkəsi Avropa Birliyinə namizəd kimi qəbul ediləndən sonra, çox güman ki, Rusiyanın təkidi və basqısı ilə həmin o “xarici agentlər” haqqında qanun layihəsi Gürcüstan parlamentinin gündəliyinə daxil edildi. Bununla da faktiki olaraq  ölkədə daxili sabitliyi pozmaq üçün zəmin yaradıldı. Odur ki, Gürcüstan uğrunda mübarizə hələ də davam edəcək və bundan sonra mübarizə Azərbaycana keçəcək; Qərblə Rusiya arasında... “Qərb” dedikdə mən Türkiyəni də qeyd edirəm. Özü də ayrıca qeyd edirəm. Azərbaycan-Türkiyə münasibətlərinin spesifik cəhətlərinə baxmayaraq, Türkiyə də kollektiv Qərbin bir hissəsidir, NAT O üzvü olan dövlətdir.  Türkiyə bu məsələlərdə heç bir zaman Rusiya ilə eyni mövqedə olmayacaq”, - deyə davamında analitik diqqətə çatdırıb.
 
Deyilənləri nəzərə alan ekspert Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesinə ciddi maneələr yaradacağını vurğulayır.
 
“Ona görə də Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına imkan verəcəyi inandırıcı görünmür. Əksinə, düşünürəm, Rusiya maksimal dərəcədə iki ölkə arasındakı vəziyyəti gərginləşdirməyə çalışacaq. O cümlədən də Qərbin Ermənistana yardımının qarşını almağa cəhd edəcək. Gürcüstandakı destablizasiya da məhz bununla bağlıdır.  Ermənistana yaradımların keçdiyi yeganə yol Gürcüstandır. Bu səbəbdən də indi Gürcüstanda bir daxili gərginlik yaradılır. Bu şərtlər çərçivəsində ilin sonunadək qalan cəmi 8 ay ərzində Cənubi Qafqazda, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesində hansısa pozitiv dəyişiklilərin olacağı inandırıcı görünmür.  Əksinə, vəziyyət getdikcə daha da gəginləşə bilər. Biz hətta gözləmədiyimiz, ehtimal etmədiyimiz konfliktlərin də şahidi ola bilərik. Bunu təəssüf hissi ilə qeyd edirəm”,- Ərəstun Oruclu belə deyib.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər