Ekskluziv
1829
20 Nov 2023 | 15:13

"Qərbin hava hücumundan müdafiəsi Kiyevi döyüşən Ukraynada ən təhlükəsiz yerə çevirib" - "Politico"

 
"Ukraynanın təkcə paytaxtı deyil, hər bir şəhəri üçün hava hücumundan müdafiə sistemləri lazımdır..."
 
"Kiyev və ona bitişik regionda Ukraynanın digər bölgələrindən köçən 600 min nəfər yaşayır..."
 
Ukraynanın HHM qoşunları göstərib ki, onlar müasir sistemləri sovet sistemləri ilə inteqrasiya etmək iqtidarındadır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri yazıb.
 
Müharibə başlananda Kiyev sovet dönəminin orta mənzilli raketəleyhinə "C-300" və "Buk M1" sistemlərinə bel bağlayıb. Bu, problemli olub, çünki ehtiyat raketləri əsasən Rusiyada istehsal edilir.
 
Bu müdafiə hazırda dronları və qanadlı raketləri vuran Almaniyanın "Hepard" və ABŞ-ın "Avenger" yaxın mənzilli sistemləri ilə gücləndirilib.
 
Ukrayna ABŞ istehsalı olan "MIM-23 Hawks", "Raytheon" və Norveçin  "Kongsberg" istehsalı olan NASAMS, Almaniyanın IRIS-T SLM orta mənzilli sistemlərindən istifadə edir.
 
Uzaq müdafiəni isə Amerikanın "Patriot PAC-3" sistemləri və Fransa və İtaliya tərəfindən tədarük edilən "Eurosam SAMP/T" sistemləri təmin edir.
 
Ukraynanın HHM qoşunları göstərib ki, onlar müasir sistemləri sovet sistemləri ilə inteqrasiya etmək iqtidarındadır, bu barədə Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.
 
"Biz müttəfiqlərimiz  və tərəfdaşlarımızdan dəstək gözləməkdə davam edirik. Bizə daha çox müxtəlif növ hava hücumundan müdafiə sistemləri lazımdır. Həm də təkcə paytaxt deyil, Ukraynanın hər bir şəhəri üçün lazımdır. Hər bir zenit-raket kompleksi qızıl qiymətlidir", - o, deyib.
 
Rusiya may ayında 20 gündən artıq paytaxta uğursuz hücum edərək "Patriot"-u sınaqdan keçirərkən Kiyev sakinləri özlərini nisbətən təhlükəsiz hiss edib.
 
Baxmayaraq ki, paytaxt əvvəlkitək tez-tez hücumlara məruz qalır, tezliklə hava hücumundan müdafiənin güclü olmadığı digər regionlardan insanlar Kiyev və ətrafına köçməyə başlayıb.
 
Bu istirahət günləri Rusiya yenidən Kiyevə çoxsaylı dronlar yönəldib, onların əksəriyyəti vurulub.
 
Ukrayna şəhərləri Rusiya hücumlarından xilas olan insanlar üçün xilasedici "qayiğa" çevrilib.
 
BMT-nin Miqrasiya üzrə Beynəlxalq Təşkilatının sentyabr ayında verdiyi dəyərləndirmələrinə görə, hazırda Kiyev və ona bitişik regionda Ukraynanın digər hissələrindən köçən təxminən 600 min nəfər yaşayır.
 
Digər iri şəhərlərdə də daxili qaçqınlar axını müşahidə edilir. Təkcə Dnepropetrovsk və Xarkov vilayətlərində təxminən yarım milyon insan sığınıb.
 
Lakin bu istirahət günü törədilən terror aktları göstərib ki, paytaxt  o qədər də təhlükəsiz deyil. Demək olar ki, hər gün hava həyəcanı sıqnalları verilir, Ukrayna hakimiyyəti insanlara ehtiyatlı olmağa çağırış edir.
 
Kiyevdə insanların həqiqətən də özlərini daha təhlükəsiz hiss etmələrinə rəğmən, Ukraynanın şərq və cənub regionlarının sakinləri əvvəlkitək gündəlik atəşlərdən əziyyət çəkir. 
 
Rusiyalılar Odessa və onun strateji limanına, həmçinin Xerson, Donetsk və Zaporojye vilayətlərinə zərbələr endirir.
 
Rusiyanın Ukraynaya hücumları
 
Noyabrın 19-a keçən gecə Ukrayna növbəti dəfə düşmən dronlarının hücumuna məruz qalıb. "Shahed" tipli 20 ədəd PUA-ların buraxılışı qeydə alınıb. Onlardan 15-i məhv edilib.
 
Rusiya dronları şimaldan (Kursk vilayəti) buraxıb. HHM qüvvələri Kiyev, Poltava və Çerkassk vilayətlərində texnikanı hədəfə alıb.
 
Kiyev vilayəti hərbi administrasiyasının rəisi Ruslan Kravçenko bəyan edib ki, rusiyalı işğalçıların hücumu nəticəsində infrastruktur obyekti zədələnib.
Link kopyalandı!
Son xəbərlər