“Sevincimdən qəhər məni boğurdu, kövrəlmişdim, efirdə qulağıma dedilər ki, Jalə de ki, torpaqlar azad olunub”-FOTO
Ekskluziv
6478
27 Sep 2023 | 13:02

“Sevincimdən qəhər məni boğurdu, kövrəlmişdim, efirdə qulağıma dedilər ki, Jalə de ki, torpaqlar azad olunub”-FOTO

“3 il bundan öncə bu gün bu saatlara kimi hamısı sağ idi, biri gecə övladının üzündən öpüb yatmışdı, biri ana-atası ilə söhbətləşib otağına çəkilmişdi, biri bacı-qardaşı ilə zarafatlaşıb ayrılmışdı, biri sonuncu dəfə dostu ilə görüşmüşdü. Biri gecə yoldaşını bərk-bərk qucaqlayıb, ətrini doya-doya qoxlamışdı, biri isə sevdiyindən uzaqda, sadəcə telefonla “Gecən xeyrə qalsın!” mesajı göndərib yatmışdı. O gecə çoxumuz şirin-şirin yatmışdıq. Sabah səhər hansı xəbərlə oyanacağımızdan xəbərsiz idik” 
 
Bunu Moderator.az-a açıqlamasında 27 sentyabr-anım günü ilə bağlı tanınmış teleaparıcı Jalə Həsənli deyib. O daha sonra həmin günü xatırlayıb.
 
“Mənim üçün səhər çox təşvişlə açıldı. Bazar günü idi, dedilər “Jalə, işə tez gəl, cəbhədə vəziyyət gərgindir, yəqin ki, saat 10:00-da  “Xüsusi buraxılış” la efirə girəcəyik”. Getdim və xəbərlərin ilk buraxılışında ordumuzun əks-hücum əməliyyatlarına başlaması ilə bağlı xəbəri səsləndirdim. Həmişə səs-küylü olan xəbər otağımız bu dəfə çox sakit idi, hamı narahat idi. Cəbhədən xəbər gözləyirdik. İnternetdə məlumatlar işıq sürəti ilə yayılırdı. Yazırdılar ki, gecə xəbər gəldi, yoldaşım təlimlərə getdi, biri yazırdı qardaşımı apardılar, başqa biri yazırdı sevdiyim getdi. Və o gedən getdilər...
 
Qələbə müjdəsi ilə Qarabağa yollandılar. Saat 14:00 xəbərlərində studiyaya düşdük, deyildi ki, prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlər üçün brifinq keçirir, yeni məlumatları səsləndirəcəyik. Həmin vaxt texniki problem yarandığı üçün biz tədbirə canlı qoşula bilmədik, amma yeni məlumatları mənə ötürürdülər, mən də tamaşaçıların diqqətinə çatdırırdım. Bu məqamda qulaqlıq həyəcanla açıldı, bir sevincək və həyəcanlı səs qulağımda: “Jalə, de ki, azad olub! Torpaqlar azad olub! 6 kənd azad olub dedi...!”. Gerisini eşitmirdim. Sevinc və  həyəcanla “Bəzi torpaqlarımız işğaldan azad olub, gözümüz aydın olsun” deyə bildim. Birdən qulaqlıq açıldı, bu dəfə isə “Füzulinin 4 kəndi, Cəbrayılın 2 kəndi azad olub” cümləsini eşitdim. Artıq sevincimdən qəhər məni boğurdu, kövrəlmişdim, səsim titrəyirdi. Özümü ələ alıb, güc toplayıb bu cümləni də dedim...
 
Xəbər bitdi, studiyadan çıxan kimi dedilər ki, Jalə hamı səninlə birgə ağladı. Bir də baxdım ki, qısa zamanda telefonuma yüzlərlə mesaj gəlib. Hamı göz aydınlığı verirdi. Onda hamımız sevinə bilirdik, çünki onda hələ şəhidlərimiz haqqında məlumatımız yox idi. Nə biləydik ki, o 6 kənd üçün yüzlərlə oğul şəhid olub. Nə biləydik ki, qardaşlarımız bizi Qarabağa aparmaq üçün canları ilə, qanları ilə yol çəkirlər başlarına güllə yağa-yağa...
 
İndi o gündən 3 il keçir. Başqaları üçün keçir, şəhid ailələri üçün isə zaman dayandı. İndiyədək gözü qapıda qalan ailələr var ki, itkin yolu gözləyirlər. Ağrılı-əzablı 3 ildə çox hadisələr oldu. İlk qələbə xəbərini səsləndirmişdim, indi isə ordumuzun sədası Xankəndidən, Xocalıdan, Ağdərədən gəlir. Efirdən “Ermənilər Xankəndidən, Xocalıdan gedirlər!” xəbərini verirəm. O gündən özümə bir söz verdim, nə qədər ki, varam, şəhidlərimizin adını da yaşadacam, onları ziyarət edəcəm, onların şanına uyğun bir vətəndaş olacam. Hara gedirəmsə, təbliğ edirəm, gənclərlə hər görüşümdə onlara vətənpərvərlik ruhunu aşılamağa çalışıram. Şəhid tədbirlərində gücüm yetdiyi qədər iştirak edirəm, bacarıramsa, bir yaralarına dərman olmağa çalışıram. Bunu tərif üçün yox, borcumuz olduğu üçün qeyd edirəm ki, hamımız edək.
 
Allah bütün şəhidlərimizin ruhunu şad etsin, bu torpağın suverenliyi, bütövlüyü uğrunda canından keçən bütün oğullardan Allah razı olsun. Mənim isə taleyimə tarixi günlərdə xalqımın yanında olmaq yazılıb. 20 yanvar 1990-cı ildə dünyaya göz açmışam, 27 sentyabr 2020-ci ildə qələbə xəbərini çatdırmışam, 8 noyabrda Ali Baş Komandan, cənab İlham Əliyevdən sonra, anamın son arzusunu-Şuşanın azadlıq xəbərini mən də xalqımıza çatdırmışam.
 
Bir müddət televiziyada olmadım, ordumuzun lokal antiterror əməliyyatına başladığı gün efirə qayıtdım. Vətənə olan sevgim məni rəqəmlərlə belə bağlayır bu torpağa. Bircə arzum var-Azərbaycan daha şəhid verməsin! Oğullarımız evinə, ocağına sağ-salamat qayıtsın. Bundan sonra analar gözü yaşlı, atalar beli bükülü, balalar atasız, gəlinlər yoldaşsız, bacı qardaşsız qalmasın. 
 
Yaşatdığın bütün qürurlu anlar üçün, qələbə xəbərləri üçün sağ ol Azərbaycan əsgəri! Vətənimiz sizə, siz də Allaha əmanət olun!” deyə teleaparıcı bildirib.
 
Qeyd edək ki, Jalə Həsənli hazırda “Arb24” televiziyasında “Nə baş verir?” siyasi-analitik verilişlə tamaşaçı qarşısına çıxır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər