S.Babayan artıq İrəvanda gülə-gülə müsahibə verir... -Hələ Bakıdan rəsmi izahat yoxdur...
Ekskluziv
4755
27 Sep 2023 | 07:25

S.Babayan artıq İrəvanda gülə-gülə müsahibə verir... -Hələ Bakıdan rəsmi izahat yoxdur...

“Axı biz dövlət olaraq Xankəndindəki separatçı rejim tör-töküntüləri qarşısında Azərbaycana qarşı cinayət törətmiş ermənilərin siyahısını təqdim edərək onların təhvil verilməsi şərtini qoymuşuq. Belə çıxır ki, sabah xalqımızın digər qatilləri Araik Arutyunyan da, Bako Saakyan da, Arkadi Qukasyan da, Vitali Balasanyan da, elə Ruben Vardanyan da  və s. belə “yavaşca” “buxarlanıb” aradan çıxacaqlar?..”
 
“Hər bir vətəndaşa, eləcə də Prezidentin “köməkçi”ləri olan jurnalistlərə cavab vermək sizin borcunuzdur...”
 
Qarabağda,  nəhayət, bu gün – 32 il sonra minlərlə şəhid və qazimizin canı-qanı, dövlətimizin siyasəti sayəsində tam çökürdüb birdəfəlik yox etməyə çalışdığımız separatçı-terrorçu rejimin 1994-cü ilin mayında Bişkekdə “atəşkəs” barədə müqavilənin altında imzası olan və əli on minlərlə Azərbaycan vətəndaşının qanına batmış  keçmiş qondarma “müdafiə naziri”(1994-2000) və “təhlükəsizlik şurası”nın sabiq rəhbəri Samvel Babayan sentyabrın 24-dən 25-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədini digər hayklar kimi sərbəst şəkildə yoxlanılıb keçdikdən sonra artıq Ermənistanın ictimai televiziyasına, məşhur erməni jurnalist Petros Qazaryana gülə-gülə müsahibə verir. 
Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın “Aykakan Jamanak”, “Hraparak” və digər nəşrləri məlumat yayıb.
 
Aparıcının Həkəri çayı üzərindəki “Laçın” sərhəd-nəzarət məntəqəsindən necə keçməyi haqda sualına S.Babayan gülə-gülə belə cavab verir: 
 
“Mardakert(keçmiş Ağdərə-S.L.) rayonunun kəndlərinin sakinləri əvvəlcə Stepanakertə(Xankəndi-S.L.), sonra isə İrəvana köçürüldü.  Mən də məhz həmin karvanla İrəvana köçdüm. Normal şəkildə, böyük tıxaclarla gəldik və keçdik...”
 
Azərbaycanla sərhəddə niyə həbs olunmadığını soruşduqda isə o, belə deyir: 
 
“Bütün vətəndaşlar kimi mən də gəldim. Maşından düşüb ayaq üstə duran Azərbaycan polisləri(yəqin ki, həm də Sərhəd Xidmətinin əməkdaşlarını nəzərdə tutur-S.L.) ilə salamlaşdım, sonra 15 metr getdim, orada bir polis də dayanmışdı, onunla da salamlaşdım və maşına minib yola düşdüm. Özümə arxayın idim. Maşın skanerdən keçəndən sonra əyləşib keçdim. Müfəttişlər təxminən 30 yaşlarında olardılar, cavan olduqlarından məni tanımadılar...” 
 
Sərhəddən keçərkən heç bir maska-filan taxmadığını da əlavə edən cunayətkar separatçı rejim məmuru iddia edib ki, guya Azərbaycanın sərhəd-buraxılış  məntəqəsində heç kimin pasportunu da yoxlamırlar...
 
Bundan əlavə, öz müsahibəsində S.Babayan Azərbaycan haqqında, onun Rusiya ilə münasibətləri haqqında ağzına gələn hədyanları danışıb, Putinin  milyarder “desant”ı Ruben Vardanyanı “Azərbaycanın agenti” adlandırıb və s. və i.a. 
 
Zəruri şərh:
 
Biz hələ  sentyabrın 25-də axşam “Samvel Babayan gecə saat 2-də “Laçın” sərhəd məntəqəsindən keçdi? -Bəs necə?..” başlıqlı yazıda(burada:) separatçı-terrorçu S.Babayanın özünün dediyi kimi, sentyabrın 24-dən 25-ə keçən gecə saat 2-də Azərbaycan dövlət sərhədindən necə keçdiyini sual etmiş və müvafiq qurumların tezliklə məsələyə aydınlıq gətirəcəyinə ümid etdiyimizi bildirmişdik. Lakin artıq iki sutkaya yaxın vaxt keçməsinə rəğmən rəsmi qurumlarımızdan məsələyə heç bir izahat yoxdur...
 
Bəziləri bizi çağırıb “divara dırmaşdıra” bilərlər ki, axı siz kimsiz, bizdən izahat tələb edirsiz, özümüz bilərik, nə vaxt istəyərik, onda da izahat verərik. Elə deyil, cənablar! Əvvəla,  Azərbaycan Konstitusiyasına görə, dövlətin, hakimiyyətin mənbəyi xalqdır. Biz də bu xalqın öncə bir nümayəndəsi, bir vətəndaş kimi, sonra da hörmətli dövlət başçısı İlham Əliyevin dəfələrlə özünün dolayısıyla “köməkçi”ləri adlandırdığı jurnalistlərik. İkincisi də nəinki jurnalistin, hər bir vətəndaşın istənilən dövlət qurumundan(nadir istisnalarla) informasiya, izahat almaq hüququ var. Və odur ki, hər bir vətəndaşa, eləcə də Prezidentin “köməkçi”lərinə cavab vermək sizin borcunuzdur. Bilmək lazımdır ki, ordumuzun son uğurlu antiterror əməliyyatı fonunda insanlar, vətəndaşlar, o cümlədən jurnalistlər narahatdır; Azərbaycana qarşı ən azı, 12 il, 1988-2000-ci illər ərzində saysız cinayətlər törətmiş, terrorçu “Daşnaksütyun” partiyasının yetirməsi olan “Syamo” ləqəbli Samvel Babayan necə olur ki, Azərbaycan Dövlət Sərhədindən maneəsiz keçib Ermənistana gedir?.. Axı biz dövlət olaraq Xankəndindəki separatçı rejim tör-töküntüləri qarşısında Azərbaycana qarşı cinayət törətmiş ermənilərin siyahısını təqdim edərək onların təhvil verilməsi şərtini qoymuşuq. Belə çıxır ki, sabah Araik Arutyunyan da, Bako Saakyan da, Arkadi Qukasyan da, Vitali Balasanyan da, elə Ruben Vardanyan da belə “yavaşca” “buxarlanıb” aradan çıxacaqlar?..
 
Onu da xatırladaq ki, Samvel Babayanı artıq ikinci dəfədir ki, əlimizdən buraxırıq. İlk dəfə o, 1991-ci ilin  iyununda hələ o, Qarabağdakı qanunsuz erməni “özünümüdafiə dəstələri” komandirinin müavini olduğu bir vaxtda – sovet qoşunları ilə birgə keçirilən məşhur “Həlqə” əməliyyatı zamanı SSRİ Hərbi Qüvvələri komandanlığının əmri ilə pasport rejimini pozmaq adı ilə həbs edilmiş və 6 aydan artıq Bakı şəhərindəki həbsxanada saxlanıldıqdan sonra  yenə də Moskvanın göstərişi ilə buraxılmşdır. Amma nəzərə alaq ki, o zaman hələ Azərbaycan dövləti tam müstəqil deyildi, Kremlin tabeliyində idi... Bəs indi necə oldu xalqımızını bu qatili müstəqil(!) dövlətimizin sərhədindən keçib aradan çıxdı?..
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər