"Nüvə təhlükəsinin aradan qaldırılmasının yeganə üsulu nüvə silahının ləğv edilməsidir..."
"Bəşəriyyət nüvə müharibəsi təhlükəsi səbəbindən qlobal fəlakətə yaxınlaşır..."
"2022-ci ildə qlobal hərbi xərclər rekord 2, 2 trilyon dollara çatıb..."
Geosiyasi etimadsızlıq və rəqabət səbəbindən nüvə riski "soyuq müharibə" dönəmindən bəri olmadığı səviyyəyə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterriş nüvə silahının tamamilə ləğv edilməsi uğrunda Beynəlxalq mübarizə günü ilə əlaqədar müraciətində bəyan edib.
Quterriş qeyd edib ki, bir çox onilliklər ərzində nüvə silahının tətbiqi, yayılması və sınaqdan keçirilməsinin qarşısının alınması işində böyük zəhmətlə əldə edilən irəliləyiş bu gün heçə endirilir.
"Bu mühüm gündə nüvə silahından azad olan dünyaya və onun tətbiqinin törədə biləcəyi humanitar fəlakətin qarşısının alınmasına sadiq olduğumuzu bir daha təsdiq edirik", - baş katib vurğulayıb.
O, nüvə silahının tərksilah edilməsi və nüvə silahının yayılmaması rejiminin gücləndirilməsinə çağırış edib.
"Bu o deməkdir ki, nüvə sınaqlarının tamamilə qadağan edilməsi haqqında Müqviləni hələ də təsdiq etməyən bütün ölkələr dərhal bunu etməli, nüvə silahına malik olan dövlətlər isə bütün nüvə sınaqlarına moratoriumu təmin etməlidir", - Quterriş izah edib.
Onun fikrincə, dünya ölkələri həmçinin "gərginliyin zəiflədilməsi və nüvə təhlükəsinin aradan qaldırılmasına yönələn "dəyişməz dialoq və diplomatiya vasitələrini" işə salmalıdır.
"Nüvə təhlükəsini aradan qaldırmağın yeganə üsulu nüvə silahının ləğv edilməsidir. Gəlin, birgə səylərimizlə birdəfəlik elə edək ki, dağıdıcı vasitələrə yalnız tarix dərsliklərində yer qalsın", - Quterriş çağırış edib.
Qeyd edək ki, BMT-nin baş katibi dəfələrlə nüvə sınaqlarının məhdudlaşdırılmasına çağırış edib və nüvə silahının ləğv edilməsini dünya siyasətinin prioriteti adlandırıb.
Avqustun sonunda BMT Baş Assambleyasının sədri Çaba Köröşü bəyan edib ki, bəşəriyyət bu gün son onilliklərə nisbətən daha yüksək olan nüvə müharibəsi təhlükəsi səbəbindən qlobal fəlakətə yaxınlaşır.
2022-ci ildə qlobal hərbi xərclər rekord 2, 2 trilyon dollara çatıb, "yüksək etimadsızlıq, geosiyasi rəqabət və hərbi münaqişələrin artan sayı" bəşəriyyət üçün riskləri artırıb.
Stoqholm Beynəlxalq Sülh problemləri Tədqiqatı İnstitutunun (SIPRI) məlumatına görə, 2022-ci ildə nüvə silahının tətbiqi riski "soyuq müharibə" dönəmindən bəri pik həddinə çatıb.
İnstitutun məlumatına görə, yerləşdirilən döyüş başlıqlarının sayına görə ABŞ birinci (1744, 3708 ehtiyatda), Rusiya ikinci yeri (1588, ehtiyatda 4477) tutur.