"Mən gündə bir neçə dəfə Jirinovskinin ifasında "Haradan başlanır Vətən?" mahnısını dinləməli oluram.."
Məhbuslar antisemit və "vətənpərvər" mahnılarla "islah edilir"...
Navalnı ömürlük həbs cəzasına məhkum edilə bilər
Rusiya hakimiyyəti tərəfindən ciddi rejimli koloniyada həbs cəzasına düçar edilmiş müxalif siyasətçi Aleksey Navalnı "islah" müəssisəsinin administrasiyası tərəfindən məhbuslar arasında "tərbiyəvi işin" aparılmasından danışıb.
Moderator.az xəbər verir ki, bu barədə siyasətçi özünün "Telegram-kanal"ında yazıb.
"Əgər Kremldə Purim bayramıdır, demək, Üçüncü Roma bəladadır"!
Məni söyməyin, mən istintaq təcridxanasında daima olmaqdan ağlımı itirib antisemit şeiri yazmağa başlamıram. Bu, gündə bir neçə dəfə biz məhbuslar üçün səsləndirilən mahnının sözlərindəndir", - siyasətçi yazıb.
Navalnının sözlərinə görə, məhbusları antisemit və "vətənpərvər" mahnılar, habelə "ekstemizmin profilaktikası üzrə" videoçarxlarla "tərbiyələndirirlər".
"Gündə beş dəfə mənə deyirlər ki, yəhudi bayramı olan Purim qeyd edilirsə, bu, yaxınlaşan müharibənin əlamətidir. Gündə beş dəfə mənə qətiyyətlə bəyan edilir ki, biz "bacılarımızın onlarda xaç suyuna çəkilmiş Salomey olmasına" imkan verməyəcəyik.
Gündə bir neçə dəfə Jirinovskinin ifasında "Haradan başlanır Vətən?" mahnısını eşidirəm (mən zarafat etmirəm). Mənim sevimli mahnım Şoyqu və "xüsusi hərbi əməliyyat" haqqında mahnıdır, orada belə sözlər var:
"Moskvada yeni qələbə barədə raport verir generallar, əllərində şampan! Rusiya uğrunda ölən oğullar, çöhrələrində təbəssüm, düşmənə vermir aman!".
O, qeyd edib: koloniya əməkdaşları ona izah edib ki, bütün bunlar "tərbiyəvi işin" çərçivələrində və "metodiki tövsiyələrə uyğun olaraq" baş verir.
"Bax, tərbiyəvi iş belə aparılır: gerçəkdən insanların beyninə yeridilir ki, Purim bayramını qeyd edənlər Rusiya əleyhinə dəhşətləri düşünən cinayətkarlardır", - müxalifətçi qeyd edib.
Navalnı ötən ilin yanvarından həbsdədir.
O, "Noviçok"la zəhərləndirildikdən sonra onun fəsadlarından Almaniyada aldığı müalicədən qayıdan kimi Moskvanın hava limanında saxlanılıb. Navalnı bunun təşkilində şəxsən Vladimir Putini ittiham edib.
"Dələduzluq" və "məhkəməyə hörmətsizlik" maddələri ilə artıq doqquz il müddətində həbs cəzası verilmiş Navalnı üçün bir neçə maddə üzrə yeni cinayət işi hazırlanır.
Mayın 25-də iş Moskva şəhər məhkəməsinə verilib.
Navalnı "ektremist birliyin" yaradılmasından savayı, ekstremist fəaliyyətdə iştirak etməkdə, ekstremizmə çağırış etməkdə, vətəndaşların hüquqlarına qəsd edən qeyri-kommersiya təşkilatının yaradılmasında, ekstremizmin maliyyələşdirilməsində, həddi-buluğa çatmayanların təhlükəli hərəkətlərin törədilməsinə cəlb etməkdə və nasizmin reabilitasiyasında ittiham edilir. O, ömürlük həbs cəzasına məhkum edilə bilər.