Azərbaycanda ilk şəxsi kitabxanalar bu dahilərə məxsus olub - ELM TARİXİ
9685
27 May 2023 | 20:33

Azərbaycanda ilk şəxsi kitabxanalar bu dahilərə məxsus olub - ELM TARİXİ

 

Moderator.az-ın təqdim etdiyi yazıda özlərinə məxsus olan şəxsi kitabxanalarla müsəlam elm dünyasında fərqlənən,  Şərq  elm tarixində  misilsiz izlər qoyan şəxslərdən söhbət açılacaq. Kitabxana elm, təhsil və mədəniyyətin inkişaf şəkillərindən biridir. Böyük şəhər və elmi mərkəzlərin kitabxanaları ilə yanaşı, bir çox dahi mütəfəkkirlərin də şəxsi kitabxanalarını formalaşdırması onların elmə xidmətlərinin bir qolu hesab edilməlidir. Çünki bu şəxsi kitabxanalar bütövlükdə olmasa da, ayrı-ayrılıqda -kitab-kitab - bir çox dünya alimləri üçün bələdçi rolunu oynamış oldu.

 

Bəhmənyarın Kitabxanası

 

Belə şəxslərdən biri İbn Sinanın tələbəsi, filosof Əbülhəsən Bəhmənyardır (993-1066). XI əsrdə ən gözəl kitabxanalardan biri Bəhmənyarın şəxsi kitabxanası olmuşdur. Bu kitabxana qiymətli kitablarla zəngin olmuş və Bəhmənyar buranı alimlərin fikir mübadiləsi mərkəzinə çevirmişdir. Kitabxanada onun öz əsərləri də əsas yer tuturdu. Bəhmənyarın məşhur “Təhsil kitabı” müəllifə yalnız Azərbaycanda deyil, bütün dünyada böyük şöhrət qazandırmışdır. Əsər ərəb və fars dillərinə tərcümə edilmişdir. Əsərin sonrakı illərdə köçürülmüş fars nüsxələrindən biri Özbəkistanda Biruni adına Şərqşünaslıq İnstitutunda, bir nüsxəsi isə İranda Milli Şura Məclisinin kitabxanasında saxlanılır. Əsərin ərəbcə əlyazma nüsxələri dünyanın bir sıra kitabxanalarında (Beyrut, İstanbul, Qahirə, London, Vatikan) mühafizə edilməkdədir. 

XII-XIII əsr müəlliflərinin çoxu öz əsərlərində Bəhmənyarın adını misilsiz kitab yaradıcısı, elm fədaisi və özündən sonrakı qələm sahiblərinin bir çoxuna güclü təsir göstərən alim kimi çəkmişdir. 

 

Xətib Təbrizinin kitabxanası

 

Azərbaycan kitabının inkişafında misilsiz xidmətləri olmuş şəxsiyyətlərdən biri də Xətib Təbrizidir (1030-1109). X.Təbrizinin Təbrizdə zəngin şəxsi kitabxanası olmuşdur. O, Azərbaycan alimi Əbu Mənsur Məhəmməd Əl-Əzhərinin (895-980) “Təhzibül-lüğə” (“Dilin təmizlənməsi”) kitabını tədqiq edərkən kitabda rastlaşdığı bəzi çətin məsələləri araşdırmaq üçün, həmin kitabı özü ilə götürüb ərəb filosofu Əbül-Üla Müərrinin (973-1057) yanına - Bağdada getmiş və ömrünün sonunadək Bağdadda yaşamış, orada da dəfn edilmişdir. İlk Azərbaycan ədəbiyyat nəzəriyyəçisi kimi tanınan X.Təbrizi Ə.Müərrinin yanına gedərkən hədiyyə olaraq ərəb aliminə şəxsi kitabxanasından bir neçə kitab da aparmışdır. O, Bağdadda dəfn edilərkən həmin kitabların (17 adda) və bütün əsərlərinin sərgisi təşkil edilmişdir. 

 

Nəsrəddin Tusi və “Seyyidəna” kitabxanası

 

Azərbaycan və dünya kitab nümunələrinin toplanılıb gələcək nəsillərə ötürülməsində N.Tusinin (1201-1274) əməyi misilsizdir. Tarixi mənbələrdə qeyd edilir ki, Tusi Qəzvin şəhərinin şimalında tikilmiş Ələmuq qalasında iyirmi ildən artıq həbsdə olarkən burada Həsən Səbbah tərəfindən yaradılmış kitabxanasında müdir işləmişdir. Hülaki xanın göstərişi ilə 1256-cı ildə Tusi həbsdən azad olunmuşdur. Tusinin türk mənşəli olduğunu müəyyənləşdirəndən sonra Hülaki xan onu özünə baş məsləhətçi təyin etmişdir. Bundan sonra Tusi Hülaki xanın əmri ilə tikdirdiyi Marağa rəsədxanasında kitabxana təşkil edib dünyanın müxtəlif ölkələrindən bura dörd yüz mindən çox kitab toplamışdır. Bu kitabların böyük bir qismi Bağdad, Şam, Əlcəzair, Mosul və digər şəhərlərdən toplanılmışdı. Çox təəssüf ki, 1258-1261-ci illərdə tikilmiş kitabxanadan Tusinin yüz əsərinin hamısı bizə gəlib çatdığı halda, Marağa rəsədxanasındakı kitablardan əsər-əlamət qalmamışdır.

 

Rəşidəddin və “Rəşidiyyə” kitabxanası

 

XIII-XIV əsr Azərbaycan və dünya kitabının himayədarı kimi F.Rəşidəddinin (1247-1318) adı xüsusilə qeyd edilir. O, Elxanilər dövlətinin baş vəziri işləmiş və dörd hökmdarın dövründə ölkənin mədəni həyatına, o cümlədən, təhsilin və kitab sərvətinin inkişafına rəhbərlik Rəşidəddinə tapşırılmışdı. O, Təbriz, Qazaniyyə və b. şəhərlərdə bir çox kitabxanalar təsis etdirmişdir. Özünün adı ilə adlandırılan, Təbrizin şimal-qərbində yerləşən Rəşidiyyə şəhərciyində iki kitabxana, eyni zamanda universitet və onun tərkibində bir kitabxana fəaliyyət göstərmişdir. Altmış mindən çox kitabı olan hər iki kitabxanaya, o cümlədən Azərbaycanın ilk universiteti sayılan “Rəşidiyyə” universitetinin kitabxanasına, şəhərin məscid və şəfa evi kitabxanasına kitablar İran, Hindistan, Misir, Çin, Yunanıstan, Bizans və b. ölkələrdən toplanılmışdı. Bu kitablar arasında Azərbaycan müəlliflərinin kitabları da əsas yer tuturdu. Rəşidəddinin təşkil etdiyi zəngin kitabxanalar N.Tusinin açdığı kitabxanadan sonra ölkənin ikinci böyük elm ocağı hesab edilirdi. Kitab sərvətini qorumaq üçün Rəşidəddin öz himayəsində olan xəttatlara ən zəruri hesab etdiyi kitabların üzünü dəfələrlə köçürtdürüb ölkənin başqa kitabxanalarına göndərirdi ki, təbii fəlakətlər vaxtı xalqın kitab sərvəti itib-batmasın. 

Elmin Nuri

Elm və təhsil məsələləri üzrə tədqiqatçı 

 

Link kopyalandı!
Son xəbərlər