Antik dünyanın ən döyüşkən toplumu olan spartalılar barəsində biz müxtəlif sənədli ekran əsərlərindən, tarixi materiallardan, ən əsası isə məşhur “300 sapartalı” filmindən almış oluruq.
Spartalılar hər zaman antik dünyanın hərb sənəti üzrə ustadları hesab edilib. Doğrudan da, hər bir spartalının həyati missiyası döyüşmək, müharibələr, hərb sənəti üçün yetişməkdən ibarət olub. Hər bir Sparta sakininin -burada söhbət kişilərdən gedir-hərbdən savayı hər hansı başqa işlə məşğul olmasına sadəcə ixtiyarı yox idi. Elə bu səbəbdən də Spartada uşaq anadan olandan ta yetkinlik yaşına çatana qədər ən sərt təlimlərdən keçirilir, bir neçə dəfə ölümlə üz-üzə qoyulur, ondan sonra isə döyüşçü adını haqq etmiş olurdu.
Moderator.az antik dünyanın cəngavərləri sayılan spartalılar, onların sərt təlim metodları ilə bağlı yazını təqdim edir:
1-Əvvəlcə yeni anadan olan oğlan uşaqları yaşlı spartalılar tərəfindən təşkil edilən xüsusi birlik tərəfindən yoxlanılırdı. Çağanın sağlamlığı, bütün əzalarının normal qaydada olmasını öyrəndikdən-bir növ, sağlamlıq testindən keçirəndən sonra onun yaşamasına və bir müddətdən sonra döyüşçü kimi yetişdirilməsinə icazə verilirdi. Nisbətən sağlam doğulmayan uşağın isə Spartada yaşamağa sadəcə haqqı yox idi. Çünki bütün insanlar burada ancaq bir missiya üçün böyüyürdü-döyüşmək üçün...
2-Amma həmin “test”i keçə bilməyən, eləcə də fiziki baxımdan zəif olan körpələrə, azyaşlı uşaqlara ikinci bir şans da verilirdi. Təbii ki, buna şans demək olarsa... Azyaşlını uzaq bir dağın zirvəsində tək-tənha buraxır, bir müddətdən sonra-ən azı, 7-10 gündən sonra-uşağı qoyduqları yeri yoxlamağa gedərdilər. əgər bu müddət ərzində azyaşlı sağ qalmağı bacarmışdısa, deməli, o gələcəyin döyüşçüsü də ola biləcəkdi. Odur ki, sağ qalan uşağı yenidən geri qaytararaq, onları imtahanı keçmiş şəxs kimi qəbul edirdilər.
3-Amma da hələ son deyil! Təsəvvür edin, körpə ikən təkbaşına kimsəsiz dağda sağ qalmağı bacaran uşaq 7 yaşına çatanda evdən qovulur və çətin şərtlərin hökm sürdüyü təlim düşərgələrinə cəlb olunurdu. Bu, birmənalı şəkildə bütün uşaqlar üçün eyni idi. Sparta insanı əsgər kimi formalaşdırmağa 7 yaşından başlayırdı. Təlim düşərgələrində yazı sənəti, ədəbiyyat, bir neçə elmlər öyrədilsə də, əsas yeri ağır döyüş hazırlıq dərsləri tuturdu. Bu çətin təlimlərdə yetişən spartalı uşaq artıq həyat amalının döyüşçülük olduğunu anlayırdı;
4-Həmin təlim-tədris düşərgələrinin özünəməxsus çox sərt qaydaları var idi. Onlardan biri də müəllimlər tərəfindən qəsdən edilən, bilərəkdən həyata keçirilən şagird savaşları idi. Müəllimlər öyrətdikləri tələbələrin hansı səviyyədə olduqlarını bilmək üçün bəzən iki, bəzən də qrup şəklində kütləvi dava-dalaş yaradırdılar. Onlar bununla şagirdlərinin döyüşmək bacarığını, fiziki cəhətdən hansı səviyyədə olmalarını yoxlayırdılar.
5-Spartanın qız övladları da uşaq vaxtından təlimlərə cəlb olunurdu. Təbii ki, bu təlimlər arasında döyüş sənəti yox idi. Çünki Sparta əxlaqına görə oradakı hər bir kişi potensial döyüşçüdür və qadınların bu bacarığına gərək yoxdur. Amma hər Sparta qızının da öhdəsinə düşən məsuliyyət var idi: o, gələcəyin döyüşçüsünə müsbət təsir edən mükəmməl ana və həyat yoldaşı olmalı idi. Bundan ötrü musiqini, rəqsi, incəsənətin başqa növlərini öyrənməli idi.
6-Artıq yetkinlik yaşına çatan və bu mərhələyə qədər bir çox çətinliklərdən keçən spartalı gənci daha ağır sınaq gözləyirdi. O, özünü Sparta və onun qadınları üçün isbatlamalı və bunu xüsusi hazırlanan mərasimlərdə - o zamanın festival tipli yığıncaqlarında göstərməli idi. Spartalı gənc bəzən çox ağır üsullara əl atır, bacarıq və gücünü göstərməkdən ötrü özünə fiziki xəsarət də yetirirdi. Hətta həmin xəsarətdən ölsə də belə mərasim yenə davam etməli idi.