"Bu zərurət geosiyasi vəziyyətin dəyişməsi, kollektiv Qərbin Rusiyaya qarşı düşmənçilik hərəkətləri və ölkədə terror aktlarının həyata keçirilməsi ilə bağlıdır..."
Piterdəki partlayışdan sonra rusiyalılar ölüm hökmünə dönə bilər...
Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi "dəyişilmiş beynəlxalq şərait", "beynəlxalq hüquq sisteminin deqradasiyası" ilə əlaqədar olaraq ölüm hökmü ilə bağlı mövqeyini dəyişə bilər.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya" partiyasından deputatı Oleq Morozov bəyan edib. Məlumatı "gazeta.ru" nəşri yayıb.
"Bu qərar iki şeydən asılıdır: cəmiyyətin fikrindən, - cəmiyyət isə buna tərəfdardır, - və bu qərarı qəbul edənlərin siyasi iradəsindən. Yerdə qalanlar ikincilidir və həll ediləndir", - o, qeyd edib.
Bu zaman deputat xatırladıb ki, ölkə Konstitusiyası "ölüm hökmünü birbaşa qadağan etmir".
Bu gün isə "Ədalətli Rusiya-Həqiqət uğrunda" partiyasının lideri Sergey Mironov Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin rəhbəri Valeri Zorkinə ən yüksək cəza tədbirini bərpa etmək təklifi ilə məktub göndərib.
Mironovun sözlərinə görə, bu zərurət geosiyasi vəziyyətin dəyişməsi, kollektiv Qərbin Rusiyaya qarşı düşmənçilik hərəkətləri ilə, habelə onun ərazisində terror aktları və dinc sakinlərin qətllərinin həyata keçirilməsi ilə əlaqədardır.
Siyasətçilərin ölüm hökmünə qoyulan moratoriumun ləğvinə yönələn çağırışları Mironovun partiya üzrə həmkarı Aleksandr Çepa "Lenta.ru" internet-nəşrinə izah edib.
"Sankt-Peterburqda baş verdiyi kimi törədilən terror aktları riskinin artması ilə bağlı narahatlıqlar mövcuddur. Ölüm hökmünün bərpa edilməsi cəhdlərinə belə təhlükələrin minimuma endirilməsi üsulu kimi baxmaq olar", - o, deyib.
Çepa əlavə edib ki, ölüm hökmünün bərpası ayrıca hallarda, xüsusilə ağır cinayətlərdə mümkündür və vurğulayıb ki, bu məsələni cəmiyyət həll etməlidir.
Rusiya Federasiyasında ölüm hökmünə moratorium Rusiyanın Avropa İnsan Haqları Konvensiyasına qoşulduğu 1997-ci ildən qüvvədədir.
Lakin ölkənin Cinayət Məcəlləsində xüsusilə ağır cinayətlərdə ən yüksək cəza tədbirini nəzərdə tutan maddələr qalıb.
Həmçinin Əsas Qanunun 20-ci maddəsində deyilir ki, ən ağır cəza növü imtiyazlı məhkəmə iclasçılarının iştirakı ilə məhkəmə tərəfindən təyin edilə bilər.
2022-ci ilin fevralında Rusiya Təhlülkəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Rusiyanın Avropa Şurasında üzvlüyünün dayandırılmasından sonra bəyan edib ki, ölkədə bir sıra mühüm təsisatları, o cümlədən ölüm hökmünü bərpa etmək üçün "yaxşı imkanlar" yaranıb.
Öz nöqteyi-nəzərini o, həmin ilin dekabrında təkrar edib. Bundan başqa, moratoriumun ləğvinin zəruriliyi barədə Kreml təbliğatçısı Vladimir Solovyov da dəfələrlə deyib.
Siyasətçilər və təbliğatçıların ən ağır cəza növünün bərpa edilməsi çağırışları ilə əlaqədar Peterburq kafesində baş vermiş partlayış və nəticədə Kremlyönlü hərbi müxbir Vladlen Tatarskinin (Maksim Fomin) həlak olması çox rahat bəhanə təsiri bağışlayır.