"Rusiya yarım ildə ələ keçirə bilmədiyi şəhəri hər gün reaktiv sistemlər və artilleriyadan atəşlərə məruz qoyur..."
"Mühasirə səbəbindən şəxsi heyətin itirilməsi təhlükəsi olarsa, Baxmut barədə müvafiq qərar veriləcək..."
"Termobarik silah və ya vakuum bombası nüvə silahından sonra ən güclü silahdır və qadağan olunma həddindədir..."
Rusiya ordusu Baxmut ətrafında "Solntsepek" ağır odsaçan sistemləri tətbiq etməyə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Pentaqonun yanında fəaliyyət göstərən Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri məlumat verib.
Məlumatda deyilir ki, Rusiya yarım ildir ələ keçirə bilmədiyi şəhər üzərinə hər gün reaktiv sistemlərdən və artilleriyadan zərbələr endirir.
Bundan başqa, "Vaqner qrupu" Baxmuta "final hücumu və düşmənin şəhərdən tam çıxışdırıb çıxarılması üçün" yeni ehtiyat qüvvələri yerləşdirib.
Analitiklər Baxmutun termobarik odsaçanlarla atəşlərə məruz qaldığını yazır. Onların fikrincə, bu ona dəlalət edə bilər ki, cəbhənin bu sahəsində hava-desant qoşunlarının nizami hissələri fəaliyyət göstərir. Lakin ekspertlər qeyd edir ki, "Solntsepek"lər Rusiya qoşunlarına həlledici üstünlük verməyəcək.
ISW qeyd edir ki, Rusiya qoşunları Baxmutdan şımala (Xromovodan şimala 2 km və Orexovo-Vasilyevkadan şimal-şərqə 11 km) irəliləyib. "Vaqner qrupu" özəl hərbi şirkətinin döyüşçüləri, Rusiya mənbələrinin iddiasına görə, "Metallurq" stadionundan qərbə doğru məktəb binasını ələ keçirib, hesabatda deyilir.
Bu arada isə Ukrayna Baxmutun təslim edilməsini istisna etməyib. Dünən Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri şəhərdədir və "düşmən ona nəzarət etmir", lakin "mühasirə səbəbindən şəxsi heyətin itirilməsi təhlükəsi olarsa, müvafiq qərarlar qəbul ediləcək".
Üç gün öncə "Vaqner qrupu" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin "Baxmutun hüquqi cəhətdən zəbt edilməsi" barədə hesabat verib. O, məlumat verib ki, şəhər administrasiyası üzərində Rusiya bayrağı qaldırılıb.
Termobarik silah və ya vakuum bombası nüvə silahından sonra ən güclü silah hesab edilir. Onun təsir gücü analoji ölçüdə olan adi partlayıcı maddələrdən xeyli dağıdıcıdır və onun təsir radiusuna düşən hər kəsə təsir göstərir. Belə silah qadağan olunma həddindədir, onu bir sıra hallarda, o cümlədən, dinc əhaliyə toxunacağı halda istifadə etmək olmaz.
Bundan öncə Rusiya Ukraynaya qarşı müharibədə "Solntsepek"lərdən Mariupola və Oxtırkaya zərbələr zamanı istifadə edib. Bundan başqa, ukraynalı hərbi əsirlərin həlak olduğu Yelenovsk koloniyasının dağıntılarının xarakteri sübut edir ki, rusiyalılar termobarik silahdan istifadə edə bilər.
"Human Rights Watch" təşkilatının hüquq müdafiəçiləri məlumat verir ki, termobarik döyüş sursatları 1999-cu ildə ikinci çeçen müharibəsində, habelə Suriyada Rusiyanın dəstəklədiyi Bəşər Əsədin qoşunları tərəfindən tətbiq edilib.