"NATO-nun sərhədlərimizə doğru irəliləməsi Rusiya üçün başağrısıdır..."
"Mən kimsəni qorxutmağa və ya şantaj etməyə cəhd etmirəm, ölkəmin və xalqımın təhlükəsizliyini təmin etmək istəyirəm..."
Belarusda taktiki nüvə silahının yerləşdirilməsinin planlaşdırılması NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına cavabdır.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Məlumatı "İnterfaks" agentliyi yayıb.
Kremlin rəsmi nümayəndəsi əlavə edib ki, Alyansın irəliləməsi Rusiya üçün başağrısı yaradır və ölkənin təhlükəsizliyi sahəsində narahatlıq doğurur.
"NATO Rusiyanın sərhədlərinə doğru genişlənir, - Peskov bəyan edib. - Rusiya öz hərbi infrastrukturu ilə NATO sərhədlərinə yaxınlaşmır, bu, əks istiqamətə olan hərəkətdir. Öz təhlükəsizliyimizə görə narahatlıq keçirərək, təbii ki, biz bunu təmin etmək üçün tədbirlər görürük".
Rusiya prezidenti mətbuat katibinin sözlərinə görə, Putin və Lukaşenkonun Belarusda taktiki nüvə silahını yerləşdirmək barədə qərarı Avropada qüvvələr nisbətini balanslaşdırmağa yönəlib.
Bundan öncə xəbər verilib ki, bu ərəfədə Moskvada Rusiya və Belarus prezidentlərinin görüşündə tərəflər Belarusda taktiki nüvə silahının yerləşdirilməsi məsələsini müzakirə edib.
Lukaşenko bununla bağlı məlumat verib ki, öz rusiyalı həmkarı ilə nüvə silahının respublikaya qaytarılması üzrə danışıqları məqsədyönlü şəkildə fəallaşdırıb.
Belarus liderinin sözlərinə görə, bu silah ölkədən sanksiyaların olmayacağı zəmanətləri ilə çıxarılıb, amma indi "hər şey tapdalanıb, hər şey pozulub".
Lukaşenko əlavə edib ki, "kimsəni qorxutmağa və ya şantaj etməyə" cəhd etmir, lakin "Belarus dövlətini təhlükəsiz etmək və Belarus xalqı üçün sülhü təmin etmək" istəyir.