Təhsilə aid vacib kitablar niyə tapılmır?- “Əvvəl gərək elm özü olsun” 
Ekskluziv
9243
18 Mar 2023 | 15:49

Təhsilə aid vacib kitablar niyə tapılmır?- “Əvvəl gərək elm özü olsun” 

 

 

Bu gün ölkədəki kitab satışı məntəqələrində elmi-kütləvi  və populyar pedaqoji ədəbiyyatlara demək olar, rast gəlinmir. Cəmi bir neçə nümunə tapmaq olar ki, onlar da sırf tərcümə materiallarıdır. Bəs, həm nəşriyyatlar, həm də kitab satışı ilə məşğul olan məntəqələr bu janrda olan ədəbiyyatalara niyə laqeyd yanaşırlar? Təbii ki, suala əsas cavab alıcı tələbatının azlığıdır. Onsuz da hər kəsə məlumdur ki, bu tipli ədəbiyyatlar dedektiv romanlar, yüngül mövzulu bestsellerlər qədər satıla bilməzlər. Alıcı tələbi burada da biznesin əsas vizyonunu müəyyən edir. Amma elmi-populyar və pedaqoji populyar ədəbiyyatlar həm də bir vətəndaşlıq borcu meyarından dəyərləndirilməlidir.

 

“Ali və Nino”nun rəhbəri Nigar Köçərli Moderator.az-a açıqlamasında elmi-populyar ədəbiyyata xüsusi diqqət etdiklərini bildirib:

 

“Müşahidələrimizə əsasən deyə  bilərəm ki, gənclərimiz, daha çox, elm və təhsilə aid populyar ədəbiyyatlara üstünlük verirlər. Yahudi yazar Yuval Noah Hararinin elmlə bağlı əsəri artıq neçə aydır ki mağazamızda bestsellerdir.

 

Ölkəmizdə də belə kitabların hazırlanması çox yaxşı olardı. Təəssüf ki, bizdə elmin vəziyyəti heç ürəkaçan deyil, qaldı bu sahədə kitablar nəşr edilsin. Elmimizin bugünkü vəziyyəti bu sahədə yeni nələrsə deməyə imkan vermir. Yerli nəşriyyatlar da daha çox xarici tərcümələrə  üz tuturlar. Bu baxımdan onları başa düşmək çətin deyil”.

 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri isə açıqlamasında təhsil sahəsinə aid kütləvi nəşrlərin tapılmamasından gileylənib. Onun sözlərinə görə, bu istiqamətdə populyar ədəbiyyatlar yox dərəcəsindədir:

 

“Paytaxtdakı əsas kitab mağazalarının hər birində sırf bununla bağlı müşahidə apardım. Qənaətim isə heç də ürəkaçan deyil. Elmi-kütləvi ədəbiyyatları az da olsa  tapmaq mümkündür. Doğrudur ki, burada da Azərbaycan dilində olan kitablar  xeyli azdır.  Türk, rus və ingilis dilində bu istiqamətdə olan kitabların sayı daha qaneedicidir. Amma hər bir halda, elmi kütləvi istiqamətdə olan kitablarla bağlı neqativ danışa bilmərik.

 

Təhsilə aid populyar ədəbiyyat isə həqiqətən də yoxdur. Müşahidə apararkən cəmi bir neçə yerdə vur-tut iki nümunəyə rast gəldim: “Con Edvards və Bill Martinin “Uğur qazandıran məktəblər”, Asif Cahangirov “Təhsilimiz dünəndən sabaha”. İnanın ki, mən yalnız ikisini görə bildim. Bəlkə başqa nümunələr də var, amma bazar meyarlarının tələbləri əsasında piştaxtaların, rəflərin ən arzuolunmaz hissəsinə qoyulub, ya da ümumiyyətlə, artıq yer tutur deyə, anbara göndərilib. Bu gün nəşriyyat və mağazaların anbarlarında bilsəniz, nə qədər dəyərli kitablar var... Onların çoxusu oxucu tələbatı olmadığı üçün heç qutusundan da çıxarılmayıb.

 

Bizdə bəzən hər hansı dərsliklərlə bağlı yazılan vəsaiti, hətta test toplusunu da belə pedaqoji kütləvi ədəbiyyat hesab edirlər. Bu, qətiyyən belə deyil! Hər hansı metodiki hazırlıq vəsaiti, eləcə də test toplusu  qətiyyən kütləvi ədəbiyyat hesab edilə bilməz. Onlar imtahanlara hazırlıq üçün özünüinkişaf proqramının bir hissələridirlər. Kütləvi ədəbiyyat isə adından görünüdüyü kimi 7-dən 77-yə bütün insanlara xitab etməli, onların marağına səbəb olmalıdır. Bu gün təhsil sahəsinə aid xeyli kütləvi nəşrlər çıxarmaq mümkündür. Məsələn, böyük pedaqoqların bu istiqamətli əsərlərini tərcümə edərək oxucuların ixtiyarına verə bilərik.

 

Rəna Nəbi 

Link kopyalandı!
Son xəbərlər