Məktəb psixoloqları üçün vahid mərkəz yaradılmalıdır – Şöbə müdirindən təklif
Ekskluziv
8160
16 Mar 2023 | 00:04

Məktəb psixoloqları üçün vahid mərkəz yaradılmalıdır – Şöbə müdirindən təklif

 

Məktəb psixoloqları ilə bağlı hazırda orta məktəblərdə monitorinqlər aparılır.

 

Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru  Elxan Bəylərov Moderator.az-a açıqlamasında məktəb psixoloqlarının iş göstəricilərinin artırılması üçün atılmalı addımlardan danışdı:

 

“Məktəb psixoloqlarının fəaliyyətinin yaxşılaşdırılması üçün ilk növbədə, onların təminatı, ixtisas artırma kurslarının təşkili, onların metodik vəsaitlərlə  təmin olunması, iş şəraitinin yaxşılaşdırılması məsələlərinə diqqət yetirmək lazımdır. Məktəb psixoloqunun mütləq ayrıca kabineti olmalı, onlar üçün psixoloq saatları ayrılmalıdır. Məktəbdə şagird, müəllim yaxud da valideyn psixoloqa müraciət edir, o isə işləmək üçün vaxt tapa bilmir. Psixoloqun şagirdi dərsdən əlavə saxlamaq hüququ yoxdur. Bunun üçün xüsusi icazə olmalıdır. Şagirdin dərsdən yayınmaması üçün dərs müddətində də bunu edə bilməyəcək. Bütün bunları nəzərə alaraq, psixoloqun fəaliyyətinin zaman baxımından tənzimlənməsi üçün tədbirlər görülməlidir”.

 

“Ölkə səviyyəsində təhsildə psixoloji xidmətə yardım mərkəzi yaradılmalıdır”

 

E.Bəylərov açıqlamasında məktəb psixoloqları üçün vahid mərkəzin yaradılması ilə bağlı təklif irəli sürdü:

 

“Psixoloqlara dəstək olmaq lazımdır. Onlar lazımı metodik vəsaitlərlə təmin edilməli, sertifikatlaşdırılmış kurs keçirilməli, ixtisasları üzrə peşəkarlıq səviyyələri yoxlanılmalıdır. Onlardan çox şey tələb olunur, amma bunun üçün zaman və məkan göstərilmir. Monitorinqlərdə nə qədər psixoloqun həqiqətən şəxsi kabineti olub-omadığını, zəruri metodik vəsaitlərlə təmin edilib-edilmədiyini görə bilərik. Bütün bunlar məktəbdə psixoloji xidmətin yaxşılaşmasının qarşısını alır. Psixoloqların  işinin yaxşılaşdırılması üçün ölkə səviyyəsində təhsildə psixoloji xidmətə yardım mərkəzi yaradılmalıdır. Mərkəzdə psixoloqların ehtiyacları öyrənilib, ümumiləşdirmələr aparılaraq bu istiqamətdə planlı işlər görülməlidir”. 

 

Rəna Nəbi 

 

 

Link kopyalandı!
Son xəbərlər