5 və 12 Mart tarixlərində keçirilən buraxılış imtahanlarına salınan suallar bir çoxlarında ciddi narazılığa səbəb olub. Sosial şəbəkələrdə ciddi rezonans yaradan bu məsələlərdən biri də hətta test imtahan üsulunun birdəfəlik ləğv edilməsi ilə bağlı fikirlərdir.
“Nəticədə, çoxsayda savadlı gəncin tələbə adı almasına şərait yarandı”
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən deputat Aydın Mirzəzadə deyilənlərin əksinə olaraq, test üsulunu yüksək qiymətləndirib:
“Ölkəmizdə test imtahanı çox böyük müsbət nəticələrə gətirib çıxardı. Subyektivliyi, imtahanın gedişinə müdaxiləni sıfıra endirdi. Nəticədə, çox sayda savadlı gəncin tələbə adı almasına şərait yarandı. Bu gün ali məktəblərdə dərs dediyim, test üsulu ilə qəbul olunan tələbələrin doğrudan da yüksək hazırlığını görürəm.
Dünyanın aparıcı ölkələrində test üsulu var və bu, qalmalıdır. Qəbul imtahanını sırf test üsulu üzərində qurmaq da düzgün deyil. Hesab edirəm ki, testi baza kimi saxlamaqla canlı danışıq, müsahibə də universitetlərə qəbul olunan zaman mühüm rol oynamalıdır. Bu gün universitetlər yaxşı tələbə uğrunda mübarizə aparmalıdırlar. Onlar yaxşı, savadlı, hazırlıqlı, ixtisasa maraq göstərən tələbələri cəlb etmək üçün bütün imkanlardan istifadə etməlidirlər. Bu baxımdan, həm test üsulunun nəticələri, həm də tələbələrlə canlı müsahibələri də vacib hesab edirəm. Onu da qeyd edim ki, müsahibələrin hansısa qapalı şəraitdə deyil, ictimaiyyətin, mətbuatın, hətta valideynlərin iştirakı ilə keçirilməsi daha məqsədəuyğun olardı”.
Şagirdlər 6-7-ci sinifdən ancaq öz ixtisas qrupları üzrə hazırlaşır, qalan fənlərə etinasız yanaşırlar...
A.Mirzəzadə açıqlamasında gənclərin öz seçdikləri ixtisasları xaricindəki biliklərə də yiyələnmələrinin vacibliyindən söz açıb:
“Gəncləri gələcəyə hazırlamaq üçün ümumi biliklərə malik olmağın vacibliyini mütləq təbliğ etmək lazımdır. Şagirdlər 6-7-ci sinifdən ancaq öz ixtisas qrupları üzrə hazırlaşır qalan fənlərə etinasız yanaşırlar. Nəticədə, sabah biz hansısa ixtisas üzrə savadlı bir mütəxəssis, ancaq ümumi biliklərdən təcrid olunmuş vətəndaş görəcəyik. Bu mütəxəssis sabah dövlətin idarəsində, təmsil edilməsində iştirak edə bilər. Bu gün əgər bir hüquqşünasın kimya, riyaziyyat astronomiya haqda məlumatı yoxdursa, yaxud da mühəndisin ədəbiyyatdan, tariximizdən, dövlət quruluşundan xəbəri olmadıqda o hansı bilik baqajı ilə ölkəni təmsil edəcək? Bu sahədə işlənəsi məsələlər çoxdur”.
Rəna Nəbi