2013-cü ildən bu yana tətbiq olunan Müəllimlərin işəqəbulu üzrə müsabiqədə həm ali təhsil, həm də orta ali təhsil müəssisələrinin məzunları iştirak edə bilərlər. Ölkədə subbakalavr dərəcəsi verən kolleclərin (əvvəlki adları ilə texnikum) bir çoxlarının fəaliyyəti formal xarakter daşısa da, pedaqoji istiqamətli kolleclərin məzunları MİQ-də iştirak edərək işlə təmin olunma şansı əldə ediblər.
Bəzi hallarda kollec məzunları MİQ göstəricilərinə görə ali təhsilli namizədləri də qabaqlayıblar.
Azərbaycan Dövlət Pedoqoji Kollecin direktoru İsrayil İsgəndərov Moderator.az-a kollec məzunlarının müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı və göstəriciləri ilə bağlı açıqlama verib.
Məzunlarının müsabiqədə uğurla iştirak etdiyini bildirən direktor bu uğurun sirrindən də söz açdı:
“Müəllimlərin işə qəbulu müsabiqəsini olduqca yüksək qiymətləndirirəm. Son 7-8 il ərzində bu proses ədalətli şəkildə həyata keçirilir, kimin savadı varsa, o da uğur qazanır. Məzunlarımız bu müsabiqədə uğurla iştirak edərək işlə təmin olunurlar.
MİQ müsabiqəsində bir çox məzunlarımız ali təhsilli namizədlərdən daha yüksək nəticə göstəriblər. Kollecimiz pedoqoji ənənəsi olan təhsil müəssisəsidir. Təhsilalanların istedadı, həvəsi, kollecdə olan mühit, kifayət qədər bacarıqlı müəllimlərimizin varlığı, təhsilalanlarla təhsilverənlərin münasibətinin yaxşı olması və biliyin yeganə meyar sayılması kollecimizin əsas göstəriciləridir. Ümumilikdə, 240 müəllimimizdən 30%-i yüksək standartlara cavab verən pedaqoji kadrlardır. Kollecimizdə yaradılan mühit oxumaq üçün tam əlverişlidir”.
“Onlar kollecə “ali məktəbə qəbul ola bilmərəm” deyə gəlmirlər”
İ.İsgəndərov açıqlamasında istedadlı gənclərin kolleclərə üz tutmalarının səbəblərinə də toxunub. Onun fikrincə, IX illik tədris bazasından birbaşa kollecə üz tutmaq çox uğurlu seçim hesab edilməlidir:
“Keyfiyyətli təhsil üçün təhsilverənlərin bilik və bacarıqları müasir tələblərə cavab verməlidir. Bəzən müəllimlər də, ictimaiyət də gəncliyi günahlandırırlar. Əslində, bu səhv yanaşmadır. Biz gəncləri yaxşı tanımalı, onların psixologiyasını, vərdişlərini, təhsilə maraqlarını hansı istiqamətdə inkişaf etdirməli olduğumuzu yaxşı bilməliyik. Bir sözlə, gəncliyin. tələblərinə uyğun təhsil verilməlidir. Bugünkü təhsilalanlar uzun-uzadı mühazirələri deyil, dəyişiklikləri daha çox sevir burda daha çox öyrənirlər. Müəllimlər bu gün bilik mənbəyi kimi deyil, biliyi qazanmaq yollarını göstərən şəxslər olmalıdırlar. Çünki tələbələr istəyəndə lazım olan məlumatı təhsilverənlərdən daha cəld tapa bilirlər. Ona görə də uzun-uzadı mühazirələr onların biliklərinin inkişafına təkan vermir. Onlara qısa, vizual vasitələrlə, müasir dövrün tələblərinə uyğun biliklər verilməlidir.
“Bu gün cəmiyyətdə belə bir düşüncə hökm sürür ki, kolleclərə elə də istedadı olmayan uşaqlar gəlir. Bu, çox yanlış düşüncədir. Bu gün 9 illik bazadan olduqca istedadlı gənclər gəlir. Onlar kollecə “ali məktəbə qəbul ola bilmərəm” düşüncəsi ilə gəlmirlər. Natamam orta təhsil müəssisələrində bilirik ki, X-XI siniflər olmur. IX sinfi bitirən şagird X-XI sinifləri oxumaq üçün başqa məktəbə getməkdənsə, elə kollec təhsili almağı üstün tutur. Onlar ali məktəbə gedərkən buradakı kreditləri hesablanır. Bu baxımdan deyə bilərəm ki, bizə xüsusilə də 9 illik bazadan çox istadlı tələbələr gəlir,-”deyə, kollec direktoru əlavə edib.
Rəna Nəbi