Bu gün Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. 1955 -ci ilin bu günündə Ankarada dünyasını dəyişən Rəsulzadə qardaş ölkədə dəfn edilib.
M.Rəsulzadənin irsi bu gün də hələ tam araşdırılmayıb. Onun elm və təhsillə bağlı bir çox məqalələri dövrünün ən məşhur mətbuu orqanlarından işıq üzü görüb.
Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov ilk dəfə olaraq Məhəmməd Əmin Rəsulzadənin pedaqoji məqalələrini bir kitab halında cəmləyərək, təhsil tariximiz adına vacib iş görüb.
F. Rüstəmov Moderator.az-a açıqlamasında M.Ə.Rəsulzadənin təhsillə bağlı mübarizədə yaşadığı çətinliklərdən də söz açdı:
“Məhəmməd Əmin Rəsulzadə təkcə ictimai-siyasi xadim deyil. Onun başdan-sona bütün yaradıcılığı elmlə bağlıdır. M.Ə.Rəsulzadənin elm, maarifçiliklə bağlı məqalələrini 2 dövrə bölmək olar: 1920-ci illər mərhələsi: bura Azərbaycan və mühacirət dövrü fəaliyyəti aiddir. Rəsulzadənin yaradıcılıq yolunda, çoxşaxəli fəaliyyətində təhsil və maariflə bağlı məsələlərə həssas və məhsuldar yanaşdığını görürük.
Xalqın mənəvi inkişafı, tərəqqisinə, azadlığa qovuşmasına böyük ümid bəsləyirdi. Onun yaradıcılığında irihəcmli əsərlər deyil, məqalələr daha çox yer tutub. Bu əsərlərin özəyində maarif, elm, təhsil dayanıb. M.Ə.Rəsulzadə hər zaman xalqın savadlanmasında milli məktəbin rolunu yüksək qiymətləndirib. Mənim üçün ən maraqlı detal onun Həsən bəy Zərdabinin dəfnində səsləndirdiyi nitqidir. Bu nitq 2 dekabr 1907-ci ildə “İrşad” qəzetidə nəşr olunub: “Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? Yalnız maarif, maarif, maarif”!
M.Ə.Rəsulzadənin həmin dövrdə fəaliyyət göstərən, rus-tatar məktəbləri ilə bağlı çox tənqidi fikirləri vardı.
O, 8-11 yaşlı uşaqların hər birinin birmənalı olaraq, məktəbə getməsinin təşəbbüskarı olub. Bu sahədə çox böyük xidmətlər göstərib. Bakı kəndlərində məktəblərin vəziyyətini araşdırıb. O dövrədə həmin ərazilərdə təxminən 1200-ə yaxın şagird məktəbdən kənar qalmışdı. Həmin dövrdə o ərazidə bir çox cinayətlər baş verib. M.Ə.Rəsulzadə deyirdi ki, əgər uşaqlar məktəbə cəlb olunsa, cinayətlərin sayı da aşağı düşər. İbtidai təhsili ən vacib məsələ hesab edirdi. Onun məktəblər, seminariyalar, universitetlər haqqında çox dəyərli fikirləri var.
Azərbaycanda Bakı Dövlət Universitetinin açılmasında Rəsulzadənin çox böyük rolu var. Həmişə deyərdi: “Kim inkar edər ki, Afina Universiteti Afina dövlətini yaratmayıb. Biz universitet yaradırıqsa , buna hökmən nail olacağıq”.
M.Ə.Rəsulzadənin gücü və maarifçilik köməyi ilə indiki Bakı Dövlət Universiteti təsis edildi. O vaxt bu sahədə çox mübahisələr oldu. Bizim öz həmvətənlərimiz bu fikrə qarşı çıxıb deyirdilər ki, bizə indiki dövrdə universitet lazım deyil, biz hələ orta məktəb yaratmalıyıq və s. Amma M.Ə.Rəsulzadənin gücü və nüfuzu hesabı universitet açıldı.
Onun maariflə bağlı təxminən 80-90 məqaləsini bir araya yığaraq, “Seçilmiş pedoqoji əsərlər”adı ilə 2018-ci iləd toplu nəşr etdirmişəm. Bu əsərlərin içində daha çox diqqətimi cəlb edən “Miili diriliş nədir” məqaləsidir. Bu, millətin əxlaqının inkişafına həsr olunmuş güclü əsərdir. O, xaricdə də yazdığı əsərlərində Azərbaycana, onun mədəniyyəti, yazıçıları ilə bağlı çox böyük xidmətlər göstərib. Ömrünün sonuna qədər siyasi həm də maarifçi xadim kimi qalıb.
Məhəmməd Əmin Rəsulzadə və onun tərəfdarları XIX əsrin sonlarında Azərbycanda milli məktəb, milli mətbuat, ideologiya, partiya yaratdılar. Sonda isə milli dövlət yaratdılar. Bu millətə azadlığın nə olduğunu daddırdılar. Dedilər ki, bir dəfə qalxan bayraq bir daha enməz. Onların qaldırdıqları bayraq, 1991-ci ildən yenidən qalxdı, bu gün artıq Qarabağda, Şuşada dalğalanır”.
Rəna Nəbi