“Bizdə Məhərrəmin il mərasimi sabah keçiriləcək. Bu gün gedib məzarını ziyarət etdik, hazırlıq gördük. Ötən bir il ərzində Məhərrəmin adına küçə verildi, qəbir üstündə xatirə bulağının açılışı olub. Barelyefi yaşadığı evə vurulub”.
Bunu Moderator.az-a açıqlamasında ötən il Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov deyib. Şəhid jurnalistin qardaşı Məhərrəmin ailəsinin də dövlət tərəfindən mənzillə təmin olunduğunu bildirib:
“Bir neçə tədbir keçirilib. Onlardan biri Quba rayonunda, digəri isə Pedaqoji Universitetdə olub. Qeyri-Hökumət Təşkilatları da tədbirlər keçirib. Nəzərdə tuturuq ki, adına olan küçədə xatirə bulağının açılışın edək və bir də Məhərrəm İbrahimovun fəaliyyəti ilə bağlı kitab çap etməyi nəzərdə tutmuşuq.
Məhərrəmin Uğur və Toğrul adında iki övladı böyüyür. Onlardan birinin 9, o birinin isə 6 yaşı var. Ailəsi də Hövsan qəsəbəsində mənzillə təmin edildi. Övladları da atalarının şəhid olduğunu bilirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. 1999-cu ildə Bakıdakı 100 nömrəli orta məktəbi bitirərək Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsinə daxil olub. Təhsilini 2003-cü ildə başa vurub. Həmin il iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət edib. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini başa vurub.
2004-cü il sentyabrın 1-dən AZƏRTAC-da müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb.
2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. İki övladı olan M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vasif Əlihüseyn