Hamı mənə baxırdı:  paxıl baxışlar da gördüm, sevə-sevə baxanları da...
Ədəbiyyat
6439
12 Jun 2016 | 22:51

Hamı mənə baxırdı: paxıl baxışlar da gördüm, sevə-sevə baxanları da...










Tanınmış publisist-jurnalist Vahid Qazinin yenicə çapdan çıxmış "Çöl Qala" povestinin Moderator.az saytı tərəfindən hissə-hissə təqdimatına başlamışıq. 

Təqdim etmək bizim, mühakimə yürütməksə dəyərli oxucularımızın missiyası. Bəri başdan bu povesti oxuduğunuza görə peşman olmayacağınıza, əksinə, xeyli duyğusal anlar, mənəvi rahatlıq qazanacağınıza zəmanət veririk... 

Qeyd edək ki, kitabı şəhərin kitab mağazalarından da ala bilərsiniz...

Əvvəlini bu linkdən oxuya bilərsiniz--- moderator.az/news/140415.html


V Bölüm. Qaraçı qız
(Davamı)

Rəssam: Şopenin musiqi gecəsinə iki dəvətnaməm var, bu axşama. Polşa səfirliyindən göndəriblər. Sənlə də gedərəm. Kimin görəcəyi, nə deyəcəyi eynimə deyil. Gedəkmi? Yenə susacaqsan, bilirəm. Deyim ki, Sən elə susanda da heyrətləndirirsən. “Gözəl” yazmıram, çünki mənim duyğularımı ifadə eləməyə gücü çatmır bu sözün. Sən elə susanda da danışırsan, eşidirəm Səni. Olsun, Sən sus, mən də Səni dinləyim. Kor kimi qaranlıq dünyamda təsvirini yaradım.
***
Rəssam: Maraqlı şəkildi. Sənə bənzətmək o qədər də asan deyil. Yalnız qaşlarından oxşadıram. Əvvəlki şəkillərin heç birində fotoaparatın obyektivinə baxmamısan. Gözlərinin içini ilk dəfədi görürəm. Dünən kənardan seyr elədiyimi nəzərə almasam, deyərdim Səni ilk dəfə görürəm.
Qadın: Salam! Hə? Məni görmüsən? Onda görüş birtərəfli keçdiyindən sənin görüşün olub, bizim yox. Mən görüş saatımızı hələ də gözləyirəm. Bilirəm, zarafat edirsən. Dünən yox, amma bu gün çox istərdim məni görəsən. Son tədqiqatımı prezentasiya edirdim. Bu gün qeyri-adi idim. Geyimim də başqaydı. Gözlərim də ayrı cür parıldayırdı. Nə bilim, mən bəyəndim. Hamı mənə baxırdı: paxıl baxışlar da gördüm, sevə-sevə baxanları da. Sən də sevərdin, mütləq sevərdin.
Rəssam: Çox istərdim görüm. Bilsəm gələrdim, lap dəvət eləməsən də. Deyirlər dost dar gündə tanınar. Amma elə deyil, adamlar sənin pis günündə yox, şad gündə əsl simalarını göstərirlər. Dar gündə tanımadığın insanlar belə sənə rəhm edər, əl tutar. Əsl dost insanın şad gününə qəlbən sevinəndi.
Qadın: Sənə məəttəl qalıram. Ürəyimi oxuyursan, dilimin ucundakını deyirsən. Bu haqda bir Skandinav pritçası var. O gün sən bir Şərq rəvayəti yazdın, qoy mən də bir Qərb pritçası danışım. 
Bir gün qoca vikinq Qrimr dostları ilə yeyib-içəndə bir nəfər belə sadiq dostu olmadığından gileylənir. Dostları etiraz edirlər. Biri deyir: “Yadına sal! Sən sürgündə olanda birinci sənə yardım əlini mən uzatmadımmı?” O biri deyir: “Düşmənlər evinə od vurub yandıranda təzə ev tikməyə sənə kömək eləmədimmi?” Üçüncü deyir: “Döyüşdə səni düşmən zərbəsindən kim xilas elədi? Mən!” Qrimr onlara belə cavab verir: “Sizin mənim üçün nələr etdiklərinizi yaxşı xatırlayıram və sizi sevirəm, siz mənim başıbəlalı, bədbəxt günlərimin dostlarısınız, buna görə hamınıza minnətdaram. Amma nə gizlədim, xoşbəxt günlərimdə dostum olmayıb. Mənsə nadir hallarda xoşbəxt olmuşam. Bir dəfə ov vaxtı kralı xilas elədim. O, hamının yanında məni qucaqlayıb özünün ən yaxın dostu adlandırdı. Hamı mənə xoş sözlər deyirdi, yalnız dostlarım susurdu. Mənim daha bir xoşbəxt günüm, başçılıq elədiyim dəstənin danimarkalılar üzərində qələbə çaldığı gün idi. Məni xalqın xilaskarı hesab edirdilər, lakin burda da dostlarımın ürəyi susurdu. Neçə belə misal çəkərəm. Onu dəqiq bilirəm ki, xoşbəxtlikdə dost olmur...”
Rəssam: Ağıllı adammış o vikinq... Yaxşı, bu şəkli nə vaxt çəkdirmisən? Klassik gözəllik var bu rəsmdə. Çox gözəlsən, istənilən rəssamı dəli eləyərsən. Portretini çəkmək üçün sürünərlər arxanca”¦
Qadın: İki il əvvəl çəkilib. Adi küçə rəssamı çəkib. Kiyevdə, parkda. Əlli qrivnaya. 
Rəssam: Elə demə! Rəssamın adisi olmur. Duyumu kasad rəssam ola bilər, amma bu da ona adi deməyə əsas vermir. Bir dostum var, Adil Mirseyid, rəssamdı, həm də gözəl şeirlər yazır. O deyir ki, palitraya rəng sıxanda boyaların düzülüşü ona heca vəznini xatırladır. O ritm itəndə harmoniya pozulur. Fırça rəssamın harmonik dünyasını tarazlayan alətdi, musiqiçinin alətini kökləyən not kimi. Hər kimdisə eşqlə çəkib Səni, şeir yazırmış kimi. Vurulubmuş Sənə”¦ 
Qadın: Yox, mənə vurulan bir Rəssam tanıyıram. Başqası yoxdur!
Rəssam: Ad günündə də görüşməyək? Yüz il oldu virtual dostluğumuz. 
Qadın: Tanışlığımız virtual olsa da, realda doğmalaşdıq axı deyəsən. Səbrinə bələdəm. Bilirəm, bir azdan üsyan qaldıracaqsan, hövsələdən çıxacaqsan. Buna yüz faiz əminəm. Amma hələ tələsmə! Görüşərik, sağlıq olsa. Mütləq görüşərik.
Rəssam: “Görüşərik, sağlıq olsa”. Lap televiziya aparıcılarının sağollaşmasını xatırladır. Mən tamaşaçı, dinləyici olmaq istəmirəm. Mənə canlı təmas lazımdı. Məni canlı efirinə dəvət elə, rejissor dostum!
Qadın: Mütləq edəcəm. Bəlkə gələn həftəsonunda. Baxarıq.
***
Rəssam: O günkü “adi, küçə rəssamı” sözün heç yadımdan çıxmır. Səni qınadığımı qəti ağlına gətirmə! Küçədə şəkil çəkən rəssam görəndə çoxları belə düşünür. Getdiyim şəhərlərdə həmişə gözüm küçə rəssamlarını gəzir. Bəzən saatlarla onların işinə tamaşa edirəm. Bir dəfə Parisdə Sena sahilində Vilnüs Rəssamlıq İnstitutunda bir oxuduğum dostumla rastlaşdım. Turistləri gəzdirən qayıq Notr-Damm kilsəsinin yanından keçəndə onu körpünün altında şəkil çəkən rəssamlar arasındaca gözüm aldı. Dərhal tanıdım. Bu qəfil görüşə elə sevindik ki. İki gün ayrılmadım ondan, onun təzə rəssam dostlarından. Heç hotelə də getmədim. Onlara qoşulub bütün günü turistlərin rəsmlərini çəkir, fransız çaxırı içirdim, axşamlar da özümüzü verirdik onların sevimli kafelərinə. Parisdə ucuz yeməkxanalar da varmış sən demə. Möhkəm yeyib-içəndən sonra düşürdük küçələrin canına. Gecələr Paris alışıb yanır. Belə gecələri sərxoş başla gəzmək bir başqa aləmdi. Tələbəliyimizin Vilnüs günlərini yaşadıq yenidən. Kirayələdiyi birotaqlı kasıb evində səhəri bir başqa ovqatla açdım. ...O, tələbə vaxtı hamımızdan istedadı ilə seçilirdi. Yeniliklər eləməkdə hamıdan ürəkli idi. Müəllimləri də heyran qoyurdu. Sonra tale onu haralara gətirib çıxartdı! Bir dəfə də həyatından gileylənmədi. Bilirsən, bax o “adi küçə rəssamı” ilə keçirdiyim iki günü ömrümə bəzək günlərdən sayıram. Gündüzü körpü altında şəklini çəkdiyin adamların iç dünyasına baş vurmağa cəhdlə keçən, axşamı bir kafe küncündə səni anlayan köhnə dostunla baş-başa qalmaqla ötən gün. Qayğılardan uzaq xoşbəxt bir gün.
Qadın: Svarovskini mən də sevirəm. Bu gün çox qəribə bir şəkildə hədiyyə aldım. Özünü nə qədər poçtalyona oxşatmağa çalışsa da, kiminsə dost xahişini yerə salmayıb özəl missiyası hər hərəkətindən açıq görünən yaraşıqlı bir “poçtalyon” mənə Svarovski firmasının xüsusi bağlamasında gözəl boyunbağı və dəniz üfüqündə doğan günəş tablosu gətirmişdi. Tablonun arxasında bu sözlər yazılmışdı: “Günəş də hər səhər “sıradan bir gündə” doğur”. Sonra tarix və imza... Bu “poçtalyon”un mənim iş yerimi necə tapması da sürpriz oldu. Çünki bunu heç onu göndərən də bilmirdi axı. Səncə, bunu kim göndərə bilər? ...Mən deyim kim göndərib. Bunu son aylar həyatıma internet fəzasından gələn birisi göndərib. Mən onu nə vaxtsa, dünyanın hansı dənizindəsə doğmuş günəş tablosuna atdığı imzasından və mənim ona dediyim “Ad günləri mənim üçün sıradan bir gündür” sözlərimi özümə qaytarmasından tanıdım... Sən məni heyrətləndirməyi bacarırsan. Hələ heç kim bunu sənin kimi edə bilməyib. Boyunbağın aləmdir. Onu sənin boynuma dolanan qolların bilib bağladım. Alışıb yanır. Hər qaşı mənə deyəcəyin sözlərin anonsudur sanki. Bir rəssamın haldan-hala düşən ovqatının min bir çalarıdır elə bil. Onu sinəmdə sən deyib daşıyacam. Tablona isə söz tapmıram yazım. Dəniz sularında barmaq izlərin aydın sezilir, azan səyyahlara yol göstərirmiş kimi durur. Sən çox istedadlı rəssamsan, dahisən. ...Günəşə isə sənə baxırmış kimi baxacam hər sabah. Ömrümə təzə doğan günəş kimi. Sənə sevinirəm, mənim əzizim. Təşəkkür edirəm hədiyyələrin üçün.
***
Açığını deyim, bu yazışmaları birinci dəfə oxuyanda daha çox sevişmə yerlərinə rastlayacağıma ümid edirdim. Uşaq vaxtı “Min bir gecə” nağıllarını oxuyanda onun intim yerlərini səbirsizliklə gözləyirdik ey, bax, burda da seksual səhnələr gəzirdim. Karın könlündəki məsəli olmasın, demirəm ha, fikrim-zikrim elə bu idi. Amma kişiylə qadın təklikdə, özü də gizlində ta nə etməlidir ki?! Belə deyilmiş. Yazışmaları bir neçə dəfə oxuyanda anlayırsan ki, onların bir-birindən gözlədikləri intim həyat yox, başqa istəklər imiş. Məndə bu yazışmaları topalayıb ortaya çıxarmaq həvəsini də elə bu duyğu yaratdı.
***
Rəssam: Nəhayət, biz görüşdük... “Poçtalyon” özüylə Sənin qoxunu gətirdi. Tək qoxunu yox, Sənin ruhunu, özünü gətirdi elə bil. Qayıdanda onun simasında dünyanın ən doğma varlığını gördüm sanki. Qeybdən gələn səs kimiydi, o dünyadan müjdə gətirən mələk üzlüydü o. Onu Sən bildim, istədim sarılam boynuna. Bəs necə? Sənin yanından gəlirdi axı... Bilirsən, nə qədər sorğu-suala tutdum onu?! Axşamacan ayrılmadım ondan.
***
Rəssam: Hörmət etdiyim kəslərə iltifat göstərməyə çalışıram, onları daha çox sevmək istəyirəm, amma mənə öz “eqo”m da əzizdi. Bu da mənim xasiyyətimdi. Ad günündən sonra nə baş verdiyini, Səndəki bu dəyişikliyi, soyuqluğu anlamağa çalışıram. Hiss edirsənmi, son telefon danışıqlarımız sərt keçir. Könlünə dəyən nəsə etdimsə, hansısa sözüm qəlbinə toxundusa, bunu mənə başqa cür də duydura bilərsən. Bəlkə məni özündən uzaqlaşdırmaqdı qəsdin? Sanki özüm getməyimi istəyirsən, “get” deməyə dilin gəlmir. Bu axşamkı sms-lərim sərt idi, indi bir də oxudum. İnan, bunu qəsdən eləmədim, sadəcə etinasızlığa dözümüm yoxdu. Çünki heç kimə, özəlliklə sevdiklərimə etinasiz ola bilmirəm. Onlardan laqeydlik görəndə isə dəli oluram. Hər an Səni düşündüyümü anlatmaq, hiss etdirmək istəyirəm. Sənin də belə olduğunu bilməyə, duymağa haqqım yoxdumu? Mənə sarı gəl... Məni uzaqlarda axtarma... Çox yaxındayam... Lap pəncərənin dibində, qapının ağzındayam”¦

Ardı var”¦
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər