Son hərbi toqquşmalar zamanı İran Yaxın Şərq regionunda yerləşən ABŞ hərbi bazalarına zərbələr endirmək məqsədilə Çin istehsalı olan kəşfiyyat peykindən yararlanıb.
Moderator.az xəbər verir ki, bu məlumatı əldə etdiyi məxfi hərbi sənədlərə əsaslanaraq "Financial Times" (FT) nəşri yayıb.
Nəşrin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu peyk sisteminə gizli yolla sahib olub. Bununla da rəsmi Tehran regiondakı ABŞ obyektlərini müşahidə etmək və hədəfləri müəyyənləşdirmək üçün yeni imkanlar qazanıb. Söhbət Çində hazırlanan və orbitə buraxılan "TEE-01B" peykindən gedir. Həmin aparat 2024-cü ilin sonlarında SEPAH-ın aerokosmik qüvvələrinin idarəçiliyinə verilib.
FT vurğulayır ki, vaxt göstəriciləri, koordinat siyahıları, peyk şəkilləri və orbital analizlər İran hərbçilərinin peykə mühüm ABŞ obyektlərini izləmək tapşırığı verdiyini sübut edir. Məqalədə qeyd olunur ki, kadrlar mart ayında - sözügedən hədəflərə raket və PUA zərbələrindən əvvəl və sonra çəkilib. Jurnallarda xüsusilə Səudiyyə Ərəbistanındakı "Prince Sultan" aviabazası yer alır.
Nəşrin məlumatına əsasən, peyk buranı 13, 14 və 15 mart tarixlərində lentə alıb. Martın 14-də isə ABŞ Prezidenti Donald Tramp bazadakı Amerika təyyarələrinin hücuma məruz qaldığını və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beş yanacaqdolduran təyyarənin zədələndiyini təsdiqləyib.
"Financial Times"ın məlumatına görə, "TEE-01B", həmçinin İordaniyadakı "Muvaffaq Salti" aviabazasını, Bəhreyndə Manama şəhərindəki ABŞ-nin 5-ci donanmasının bazası yaxınlığındakı əraziləri, eləcə də Ərbil hava limanı bölgəsini izləyib. Bu, SEPAH-ın həmin zonalardakı obyektlərə hücumlar barədə bəyanatlar verdiyi vaxtlara təsadüf edir. Bundan başqa, müşahidə edilən hədəflər siyahısında Küveytdəki "Camp Buehring" və "Ali Al Salem" aviabazası, Cibutidəki "Camp Lemonnier" ABŞ bazası və Omandakı "Duqm" beynəlxalq hava limanı da var. Nəşr əlavə edir ki, Körfəz ölkələrinin mülki infrastrukturu da - BƏƏ-dəki "Khor Fakkan" konteyner limanı, "Qidfa" elektrik stansiyası və duzsuzlaşdırma kompleksi, o cümlədən Bəhreyndəki "Alba" alüminium zavodu da izlənməyə məruz qalıb.
Aparılan araşdırmaya əsasən, kosmik aparat Çinin "Earth Eye Co" şirkəti tərəfindən hazırlanıb. Bu şirkət "in-orbit delivery" adlanan aztanınan ixrac modelini təklif edir - yəni cihaz əvvəlcə Çində orbitə buraxılır, yalnız bundan sonra xarici müştəriyə təhvil verilir.
Məlumata görə, 2024-cü ilin sentyabrında SEPAH-ın aerokosmik qüvvələri peyk sistemi üzərində nəzarəti əldə etmək üçün təxminən 250 milyon yuan (təqribən 36.6 milyon dollar) ödəməyə razılaşıb. Nəşr iddia edir ki, müqavilədə peykin özünün, daşıyıcı raketin, texniki dəstəyin, məlumat infrastrukturunun və adı açıqlanmayan "xarici tərəfdaşın" xidmətlərinin dəyəri ayrı-ayrılıqda göstərilib. FT-nin təhlilinə görə, təkcə orbital platformanın özü yox, həm də yerüstü idarəetmə şəbəkəsinə çıxış xüsusi əhəmiyyət daşıyıb. Sövdələşmə çərçivəsində SEPAH qlobal şəbəkə üzərindən peyk idarəetməsi və məlumat ötürülməsi xidmətləri göstərən Pekinin "Emposat" şirkətinin kommersiya yerüstü stansiyalarına giriş əldə edib. Nəşrin versiyasına görə, məhz bu infrastruktur İran hərbçilərinə, demək olar ki, dünyanın istənilən yerindən peykə komandalar göndərməyə, telemetriya və təsvirlər almağa, eləcə də onun işini idarə etməyə imkan yaradıb. Jurnalistlərə danışan ekspertlərdən biri bunu İranın kosmik aktivlərinin "dağınıqlıq strategiyası" adlandırıb: əgər İranın yerüstü stansiyalarını raketlərlə vurmaq mümkündürsə, başqa ölkələrdə yerləşən stansiyalara hücum etmək qat-qat çətindir.
Qəzet vurğulayır ki, yeni kosmik aparat Tehran üçün ciddi texnoloji üstünlük deməkdir. Dəyərləndirmələrə görə, "TEE-01B" Qərb istehsalı olan yüksəkkeyfiyyətli kommersiya peyk şəkilləri ilə müqayisə oluna bilən, təxminən yarım metr dəqiqlikli təsvirlər əldə etmək qabiliyyətinə malikdir. Müqayisə üçün qeyd edək ki, İranın əvvəlki ən qabaqcıl hərbi peyki olan "Noor-3", rəsmi bəyanatlara əsasən, təxminən 5 metr, "Noor-2" sistemi isə 12-15 metr dəqiqlik təmin edirdi. Nəşr bildirir ki, belə bir səviyyə təyyarələri fərqləndirməyə və ya bazalardakı fəaliyyəti dəqiq izləməyə imkan vermirdi. Halbuki Çin istehsalı olan bu peyk İrana texnikanı, infrastruktur dəyişikliklərini və zərbələrin nəticələrini daha aydın görmək imkanı qazandırıb.
Məqalədə qeyd edilir ki, "TEE-01B" ilə bağlı vəziyyət İranın xarici kosmik və kəşfiyyat imkanlarından istifadəsini genişləndirməsi, eləcə də Tehranın Moskva və Pekinlə dərinləşən əməkdaşlığı kontekstinə uyğun gəlir. FT xatırladır ki, əvvəllər Rusiya da İranın bir neçə peykini orbitə çıxarmışdı.
Ötən il isə nəşr Çin hərbçiləri ilə əlaqəsi olan "Chang Guang Satellite Technology" şirkətinin Qırmızı dənizdəki ABŞ gəmilərinə və beynəlxalq gəmiçiliyə hücumlar üçün Yəmən husilərinə peyk görüntüləri ötürdüyünü yazmışdı.
Lakin rəsmi Pekin iddiaları rədd edib: Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi nəşrə açıqlamasında ölkəsinin "spekulyativ və eyhamlı dezinformasiyaya" qarşı olduğunu, Pekinin "obyektiv və qərəzsiz mövqe" nümayiş etdirdiyini və münaqişənin eskalasiyasına səbəb olacaq addımlar atmadığını bildirib. /Oxu.az/