Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin dövlət katibi Marko Rubio İraq ərazisində girov götürülən ABŞ vətəndaşı olan jurnalist Şelli Kittlsonun azadlığa qovuşduğunu təsdiq edib.
Moderator.az xəbər verir ki, dövlət rəsmisi bu barədə özünün "X" hesabında məlumat paylaşıb.
"Bir müddət əvvəl "Kətaib Hizbullah" qruplaşmasının üzvləri tərəfindən qaçırılan amerikalı jurnalist Şelli Kittlsonun sərbəst buraxılması xəbərini verməkdən şadam", - deyə Rubio bildirib.
O əlavə edib ki, hazırda Birləşmiş Ştatların administrasiyası jurnalistin İraqdan təhlükəsiz qaydada çıxarılması üzərində işləyir.
Qeyd edək ki, Kittlsonun azad edilməsi barədə ilk olaraq "Kətaib Hizbullah" qruplaşması məlumat yaymışdı.
Xatırladaq ki, ABŞ pasportu daşıyan jurnalist qadın martın 31-də İraqın paytaxtının mərkəzi hissəsində, məskunlaşdığı mehmanxananın yaxınlığında naməlum şəxslər tərəfindən qaçırılmışdı. Şelli Kittlson uzun illər idi ki, Bağdad şəhərində çalışırdı və onun hazırladığı xəbərlər daha çox İraqdakı silahlı dəstələrə, ABŞ və İraq arasındakı əlaqələrə, həmçinin bölgədəki təhlükəsizlik məsələlərinə yönəlmişdi. Bir müddət sonra ABŞ Dövlət Departamenti media nümayəndəsinin oğurlanması faktını rəsmi olaraq təsdiqləmişdi.