ABŞ-li sahibkar İlon Mask ardıcıl ikinci il dünyanın ən varlı insanlarının illik reytinqində birinci yeri tutub.
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
"Tesla" və "SpaceX" şirkətlərinin təsisçisi, həmçinin "X" sosial şəbəkəsinin sahibi olan Maskın sərvəti 839 milyard dollar olaraq qiymətləndirilir. Bildirilir ki, fevralın əvvəlində "SpaceX" şirkətinin biznesmenin süni intellekt startapı "xAI" ilə birləşməsindən sonra onun sərvəti 800 milyard dolları keçib.
Reytinqdə ikinci yeri 257 milyard dollarla "Google"un həmtəsisçisi Larri Peyc tutur. Digər həmtəsisçi Sergey Brin 237 milyard dollar sərvətlə üçüncü pillədə qərarlaşıb. "Amazon"un qurucusu Ceff Bezos 224 milyard dollarla dördüncü yerdədir. "Meta"nın rəhbəri Mark Zukerberq isə 222 milyard dollar sərvətlə beşinci yerdə qərarlaşıb.
Nəşrin məlumatına görə, bu il siyahıda ümumilikdə 3 428 milyarder yer alıb. Bu, ötən illə müqayisədə 400 nəfər çoxdur və 1987-ci ildən bəri rekord göstərici hesab olunur.
Dünyanın ən varlı insanlarının ümumi sərvəti 20.1 trilyon dollar təşkil edir. İlk onluqda yer alan milyarderlərin ümumi sərvəti isə 2.6 trilyon dollar olaraq qiymətləndirilir.
Bundan əlavə, sərvəti 100 milyard dollardan çox olan şəxslərin sayı rekord həddə çataraq 20 nəfər olub.