Türk Hava Yollarına məxsus təyyarədə yanğın: Hava gəmisi Hindistanda təcili eniş etdi
Dünya
215
19:05, Bu gün

Türk Hava Yollarına məxsus təyyarədə yanğın: Hava gəmisi Hindistanda təcili eniş etdi

Göyərtəsində 236 sərnişin və 11 heyət üzvü olan Türkiyə Hava Yollarına (THY) məxsus təyyarə Hindistanın şərqindəki Qərbi Benqal əyalətində "Netaci Subhaş Çandra Bosa" hava limanına təcili eniş edib.

Moderator.az xəbər verir ki, bu barədə "Hindistan Times" nəşri hava limanının rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, hava gəmisi Katmandudan İstanbula uçarkən sağ mühərrikdə yanğın müşahidə olunub, pilot dərhal onun işini dayandırıb.

"Pilot Kəlküttə hava limanının idarəetməsi ilə əlaqə saxlayaraq təcili enişin zəruriliyi barədə məlumat verib. Bütün lazımi tədbirlər görülüb və yanğınsöndürmə briqadaları çağırılıb. Təyyarə tək mühərriklə bir saatdan çox uçmasına baxmayaraq, təhlükəsiz yerə eniş edib", - deyə xəbərdə bildirilib.

Hava limanı rəsmisi əlavə edib ki, təyyarə Katmanduya qayıtmaq əvəzinə, saat 14:50-də (Bakı vaxtı ilə 13:20 - red) Kəlküttə hava limanına enib. Sərnişinlər və heyət bortu tərk etdikdən sonra layner yoxlama üçün təhlükəsiz əraziyə aparılıb.

Link kopyalandı!
Son xəbərlər