"Təhlükəsizliyə beynəlxalq qüvvələr nəzarət edəcək, prosesə Donald Tramp rəhbərlik edəcək..."
İsrail mətbuatının məlumatına görə, ABŞ Qəzzanın idarəetməsini beynəlxalq nəzarətə vermək üçün BMT Təhlükəsizlik Şurasına yeni plan təqdim edib. Layihə 2026-cı ildən beynəlxalq sabitlik qüvvələrinin bölgəyə yerləşdirilməsini nəzərdə tutur.
Bu missiya təhlükəsizliyə ən azı 2027-ci ilin sonunadək cavab verəcək və mandat daha uzun müddətə uzadıla bilər. Planın əsas məqsədi Qəzzanın demilitarizasiyasıdır. Beynəlxalq qüvvələr HƏMAS-ın tərksilahını həyata keçirəcək, humanitar dəhlizləri qoruyacaq və yardımların silahlı qruplara ötürülməsinin qarşısını alacaq.
ABŞ rəsmilərinin sözlərinə görə, bu missiya klassik BMT sülhməramlıları deyil, vəziyyətə nəzarət etmək üçün lazım gəldikdə gücdən istifadə edə biləcək "müvəqqəti məcburetmə qüvvələri" olacaq. Bu proseslə paralel olaraq İsrail ordusu Qəzzadan mərhələli şəkildə çıxacaq, Fələstin Administrasiyası isə idarəetmə üçün islahatlara başlayacaq.
Trampın rəhbərlik edəcəyi "Sülh Şurası"
Layihənin ən diqqətçəkən hissəsi yeni qurum - Beynəlxalq Sülh Şurasıdır. Bu strukturun rəhbəri ABŞ prezidenti Donald Tramp olacaq. Şura həm Qəzzanın bərpasını, həm də maliyyə və siyasi koordinasiyanı idarə edəcək. Vaşinqton istəyir ki, prosesdə Qətər, Misir və Türkiyə iştirak etsin. İsrail isə xüsusilə Türkiyənin daxil olmasına qarşıdır. Buna baxmayaraq, ABŞ Türkiyənin bölgədə vasitəçi rolunu nəzərə alaraq onu prosesdən kənarlaşdırmaq niyyətində deyil.
Vaşinqton sülhdən danışır, Təl-Əviv ehtiyatlanır
Tramp Qəzzada müharibənin faktiki olaraq bitdiyini bildirir və İsraili ehtiyatlı davranmağa çağırır. Lakin baş nazir Benyamin Netanyahu əksini düşünür: onun fikrincə, təhlükəsizlik təhdidləri qalır və İsrail geri çəkilə bilməz. Təl-Əviv üç əsas şərt qoyur: girovların geri qaytarılması, Qəzzanın bir hissəsinə nəzarətin saxlanılması, HƏMAS-ın hərbi potensialının bərpa edilməməsi. İsrail qorxur ki, proses natamam qalarsa, Qəzzada yenidən müharibə başlayacaq.
ABŞ isə bu planın siyasi nəticə olaraq "tarixi sülh" kimi görünməsini istəyir. Beləliklə, ABŞ ilk dəfə olaraq Qəzzanın idarəçiliyini tam yeni modelə keçirir: təhlükəsizliyə beynəlxalq qüvvələr nəzarət edəcək, prosesi Donald Tramp koordinasiya edəcək, İsrail isə tədricən geri çəkiləcək. Plan həm ambisiyalı, həm də risklidir. İndi cavabı gözlənən əsas sual budur: Bu model bölgədə sülh yaradacaq, yoxsa yeni qarşıdurmanın başlanğıcı olacaq?
Moderator.az