İtaliya və Rusiya arasında diplomatik qalmaqal:
Dünya
1107
04 Nov 2025 | 19:47

İtaliya və Rusiya arasında diplomatik qalmaqal: "Zaxarovanın sözləri iyrənc və vulqar təxribatdır"

"Bu, Avropaya yönəlmiş hədəfli təxribatdır, Rusiya azadlıq və demokratiya ilə mübarizə aparır..."

Tarixi qüllənin uçması və faciəvi nəticə

Xəbər verildiyi kimi, Roma şəhərinin mərkəzində, 800 illik Konte qülləsində aparılan bərpa işləri zamanı tikili qəfil çöküb. Bir neçə işçi dağıntı altında qalıb. Onlardan biri - 66 yaşlı rumın mənşəli fəhlə Oktav Stroiça xilasetmə əməliyyatı boyunca həyat əlamətləri göstərsə də, xəstəxanaya çatdırıldıqdan sonra vəfat edib. Digər işçilər xəsarət alıb, hadisə ilə bağlı cinayət işi açılıb.

İtaliya mediası qeyd edir ki, qüllə 2007-ci ildən bağlı idi, illərlə davam edən bürokratik çəkişmələr isə bərpa prosesini ləngidib, nəticədə tikili tam yararsız hala düşüb. Baş nazir Corcia Meloni ölən işçinin ailəsinə başsağlığı verib və xilasetmə qruplarına təşəkkür edib.

Zaxarovanın açıqlaması və diplomatik böhran

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qüllənin uçmasını İtaliyanın Ukraynaya verdiyi maliyyə dəstəyi ilə əlaqələndirib və təhqiramiz şəkildə belə yazıb: "İtaliya vergi ödəyənlərinin pullarını mənasız yerə xərclədikcə, ölkə iqtisadiyyatdan tutmuş qüllələrə qədər çökəcək".

O, həmçinin bildirib ki, Ukraynaya maliyyə ayırmaq "terrorçuluğun sponsorluğu"dur. Bu sözlər Romada dərhal siyasi partiyaların, diplomatların və media qurumlarının qəzəbinə səbəb olub. İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın səfirini təcili olaraq nazirliyə çağırıb və rəsmi etiraz təqdim edib.

"Böyük səviyyəsizlik və utanmaz manipulyasiya"

İtaliya xarici işlər naziri Antonio Tayani bildirib: "Fəlakət insan həyatına toxunduğu zaman, onu təbliğat vasitəsinə çevirmək olmaz. Rusiyada faciə olanda biz həmişə həmrəylik göstərmişik". İtaliya mətbuatı rəsmi mənbələrə istinadən Zaxarovanın sözlərini "iyrənc və vulqar təxribat", "Moskva rəhbərliyinin düşdüyü dərin səviyyəsizlik" kimi ifadələrlə xarakterizə edib.

Azione partiyasının lideri Karlo Kalenda sərt şəkildə deyib: "Bu, alçaq açıqlamadır. Biz başa düşməliyik ki, belə bəyanatların arxasında kim durur". Avropa Parlamentinin vitse-prezidenti Pina Piçerno isə bunu birbaşa təbliğat adlandırıb: "Bu, Avropaya yönəlmiş hədəfli təxribatdır. Rusiya azadlıq və demokratiya ilə mübarizə aparır".

Bir insanın ölümü ilə nəticələnmiş faciə siyasi manipulyasiya predmetinə çevriləndə, İtaliya sərt reaksiya verdi. Roma üçün Ukraynaya dəstək siyasi mövqedən daha çox dəyərlər məsələsidir və bu mövzuda təhqiramiz ritorikaya dözümlülük yoxdur.

Moderator.az

Link kopyalandı!
Son xəbərlər