"Türkiyə prezidenti İsrailin hərəkətlərini pisləyib, Qüds və Əl-Əqsa ilə bağlı xəbərdarlıq edib..."
"200-dən çox günahsız insan öldürülüb"
İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının iqtisadi və ticarət əməkdaşlığı üzrə 41-ci toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin atəşkəs razılaşmasına baxmayaraq, işğalı və hücumları davam etdirdiyini deyib. Bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
Prezidentin sözlərinə görə, atəşkəsdən sonra belə 200-dən çox günahsız insan öldürülüb: "İşğalı və Qərb Sahilindəki hücumları dayandırmayan bir hökumətlə üz-üzəyik. Atəşkəsdən sonra İsrail 200-dən çox günahsız insanı qətlə yetirib". Ərdoğan qeyd edib ki, HƏMAS əldə olunan razılaşmaya əməl etməkdə qətiyyət göstərir, lakin "İsrailin bu məsələdə reputasiyası son dərəcə pisdir".
"Heç bir dəyişiklik qəbul edilməyəcək"
Türkiyə lideri beynəlxalq ictimaiyyətə mesaj göndərərək Qüdsün statusunun dəyişdirilməsinə və Əl-Əqsa məscidinin toxunulmazlığına hər hansı müdaxilənin yolverilməz olduğunu vurğulayıb:
"Biz nə Qərb Sahilinin anneksiyasına, nə Qüdsün statusunun dəyişməsinə, nə də Əl-Əqsa məscidinin müqəddəsliyinin pozulmasına imkan verə bilmərik". Ərdoğan həmçinin əlavə edib ki, İsrailin hərəkətləri regionda gərginliyi artırır və bunun nəticələrinə görə məsuliyyət daşıyır.
"Sükut qətlləri legitimləşdirir"
Çıxışının digər hissəsində Ərdoğan Suriya ilə bağlı iqtisadi sanksiyaların tədricən qaldırılmasında Türkiyənin rolunu qeyd edib. Onun sözlərinə görə, İSEDAK çərçivəsində Suriya üçün xüsusi dəstək proqramı işə düşür.
Eyni zamanda, Ərdoğan Sudanın Əl-Faşir şəhərində son günlər baş verən mülki qətllərə toxunub: "Heç bir vicdanlı insan bu qırğınlarla barışa bilməz. Biz susa bilmərik. Sudan xalqının ərazi bütövlüyü və suverenliyini müdafiə etmək vacibdir".
Ərdoğanın çıxışı bir daha göstərir ki, Ankara Yaxın Şərqdə və müsəlman dünyasında baş verən proseslərdə fəal rol oynamaq niyyətindədir. İsrailə sərt mesajlar, Qüds və Əl-Əqsa ilə bağlı qəti mövqe, Suriya və Sudana dəstəklə Türkiyə regional münaqişələrin həllində əsas oyunçulardan biri olduğunu sübut edir.
Moderator.az