Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, müxalif Demokratlar Partiyasının şantajına boyun əyməyəcək və federal hökumətin maliyyələşdirilməsinin dayandırılmasına (şatdaun) son qoyulması üçün onlarla sövdələşməyə getməyəcək.
Moderator.az xəbər verir ki, o, bunu "CBS News" televiziya kanalına müsahibəsində deyib.
Jurnalist qeyd edib ki, əvvəllər Tramp məharətlə kompromislər tapır və şatdaunlardan qaçırdı. Bunun cavabında Tramp: "Mən bu məsələdə çox yaxşıyam. Amma bunu etməyəcəyəm, yollarını azmış demokratların şantajına boyun əyməyəcəyəm. Bu insanlarda nəsə düz deyil", - cavabını verib.
"Şumer (ABŞ Konqresi Senatının demokrat azlığının lideri Çak Şumer - red.) düzələn adam deyil. Onun itirəsi heç nəyi yoxdur. O, kamikadze pilota çevrilib", - deyə Tramp əlavə edib.
Eyni zamanda, Tramp əmin olduğunu bildirib ki, şatdaun tezliklə başa çatacaq və ABŞ hökumətinin maliyyələşdirilməsi bərpa olunacaq:
"Biz bunu həll edəcəyik. Nəticədə, onlar səs verməli olacaqlar".
Xatırladaq ki, oktyabrın 1-i gecəyarısından etibarən (Bakı vaxtı ilə 08:00) maliyyələşdirmənin olmaması səbəbindən ABŞ federal hökumətinin işi qismən dayandırılıb. Bu, Konqresdə hakim Respublikaçılar və müxalif Demokratlar partiyalarının nümayəndələrinin səhiyyə sahəsi də daxil olmaqla, xərclərlə bağlı bir sıra maddələrlə əlaqədar razılığa gələ bilməməsi səbəbindən baş verib. Demokratlar və respublikaçılar bir-birini siyasi məqsədlərlə şatdauna təhrik etməkdə və onu uzatmaqda günahlandırırlar.
1977-ci ildən etibarən federal hökumətin işinin maliyyələşdirilməsi administrasiya və Konqres arasındakı fikir ayrılıqları səbəbindən 20 dəfədən çox dayandırılıb. Ən uzun müddət 35 gün olub və 2018-ci il dekabrın 22-dən 2019-cu il yanvarın 25-dək davam edib. Maraqlıdır ki, həmin şatdaun da Donald Trampın birinci prezidentliyi dövrünə təsadüf edib.