Bizi sosial şəbəkələrdən izləyin:
İranın Suriyada strateji məğlubiyyətə uğraması və İsraillə onsuz da gərgin olan münasibətlərinin müharibə həddinə çatması fonunda ölkə daxilində də ciddi proseslər baş verməkdədir.
Bu barədə "Azad İran" YouTube" kanalında yayımlanan süjetdə qeyd olunub.
Müəllif qeyd edir ki, İran Prezidenti Məsud Pezeşkianın istefası ilə bağlı son bir həftədə meydana çıxan söz-söhbətlər rejimin önəmli xarici təhdidlərlə üzləşməsinə baxmayaraq, hakimiyyət daxilindəki qruplaşmalar arasında mübarizənin kəskinləşməsindən xəbər verir:
"Məsələnin İran hakimiyyəti üçün təhlükəli cəhəti həm də budur ki, sözügedən mübarizə ölkədə iqtisadi vəziyyətin pisləşməsi, o cümlədən enerji böhranının dərinləşməsi, inflyasiyanın sürətli artımı nəticəsində sosial narazılığın güclənməsi şəraitində baş verir.
Bununla belə, Pezeşkianın istefası ilə bağlı xəbərlərin İran mediası və sosial şəbəkələrində geniş şəkildə gündəmə gətirilməsi İran prezidentinə qarşı hakimiyyətin müxtəlif cinahlarını təmsil edən bir çox qüvvələrin, eləcə də xaricdəki bir sıra müxalif qruplaşmaların səfərbər olduğunu söyləməyə əsas verir. İran hökumətinə rəhbərliyinin hələ yarım ili tamam olmayan Məsud Pezeşkianın istefası ilə bağlı fikirlər ilk dəfə ortaya atılmır. Hər dəfə bu tələbin səsləndirilməsi üçün müxtəlif məsələlərdən bəhanə kimi istifadə olunur.
Məsələn, ötən aylarda Pezeşkianın strateji məsələlər üzrə müavini, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin vitse-prezident postunu tutmasının guya qeyri-qanuni olması ətrafında geniş təbliğat kampaniyası aparılıb. Xüsusən ölkə parlamentində davamlı xarakter alan, spiker Məhəmmədbağır Qalibaf tərəfindən də dəstəklənən bu kampaniya elə eybəcər xarakter almışdı ki, noyabrın sonunda parlamentin deputatı Əhməd Bigdeli məsələyə etirazını bu şəkildə bildirmişdi: "Nə üçün bəzi həmkarlarımızın əsas mövzusu Zərif olub? Birdəfəlik Zərifi edam edin, görək bu cənablar rahat olacaqlar? Camaatın su, işıq, iş kimi problemləri var, amma biz səhər Məclisə gəlirik Zərif, günorta Məclisdən çıxırıq Zərif! Xahiş edirəm, Zərifi bu ölkədən qovun, qoy bu cənablar rahat olsun. Daha bəsdir!"
Cavad Zərifə edilən hücumlarda əsas hədəfin Pezeşkian olduğunu isə digər bir deputat - Kamran Qəzənfəri prezidenti açıq şəkildə təhdid etməklə bildirmiş və Zərifi vəzifəsindən azad etməyəcəyi təqdirdə Pezeşkianı istefaya göndərəcəklərini bəyan etmişdi".