Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyəli iş adamı Ali Akşun Bakıdakı evində ölü tapılıb.
Bu barədə onun vəkili Rəhim Xoyski məlumat yayıb.
Hətta R.Xoyski onun ölümünün şübhəli olduğunu da diqqətə çatdırıb:
"Hüquqlarını müdafiə etdiyim "AZE BİLİŞİM FİNANS" MMC-nin (AZEBİRJA) direktoru Ali Akşunun evində ölü aşkar olunmasından bu gün bir həftə keçir. Bu bir həftədə bu məsələ ilə bağlı status yazmamağımın səbəbi, mərhumun nəşinin Türkiyəyə göndərilməsi ilə bağlı işlərə başımın qarışması olub.
Ali Akşun ilə dekabrın 14-ü danışarkən mənə bir dəfə izlənilən 2-3 saniyəlik video göndərmişdi ki, ona sistem vurulur. Videoda kimsə görünmürdü. Sual verdim ki, sənə kim yardım edir? Demişdi ki, tibb bacısı gəlib. Sonuncu danışığım və cavabsız qalan mesajlarım isə gecə yarısı olub. 15-i günorta Ali Akşundan mesajlarıma hələ də cavab gəlmədiyi üçün onun kirayədə yaşadığı evinə getdim və qapını açan olmadı. Daha sonra evin sahibi və polislər vasitəsilə evə daxil olduqda Ali Akşunu divanda uzanmış vəziyyətdə qolunda şpris qalmış formada ölü tapdım.
Evə polislər və prokurorluq əməkdaşları ilə baxış keçirərkən, şprisdə olan dərmanın ampulasını tapa bilmədik. Sistemə aid dərman və digər vasitələr də evdə nə zibil qabında (sadəcə tualetin zibil qabında bir flakon dərman vasitəsi tapıldı), nə də mərhumun yanında tapılmadı. İki vurulmuş şpris var idi, biri stolun üzərində qalmışdı, digəri isə qolunda. Qolundakı şprislə bağlı bildirim ki, onun hər hansı narkotik vasitə olmadığı istintaq tərəfindən artıq müəyyən edilib. Nə olduğu hələ ekspertiza tərəfindən araşdırılır. Hazırda ölüm faktı ilə bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma davam edir. İstintaqın gedişatına təsir etməmək üçün daha detallı məlumat verə bilmirəm.
Ali Akşunun özü yox, şirkəti barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iki aya yaxın idi araşdırma gedirdi. Aparılan araşdırma fakta görə idi. Ali Akşun nə təqsirləndirilən, nə də şübhəli şəxs deyildi. Şirkətin sənədləri ilə bağlı aparılan araşdırmada hər hansı nöqsan tapılmayıb.
Çoxsaylı suallara görə istədim ki, məlumatı bölüşüm. Əlavə suallar və məlumat olarsa, uyğun olduqca yenə bölüşərəm"./olay.az